Kəskin bahalaşma fonunda cüzi qiymət artımı
13-08-2016, 09:54
Dəfələrlə qiymət artımı ölkədə inflyasiyanın sürətlənməsinə gətirib çıxarıb
Dövlət Statistika Komitəsi iddia edir ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilə nisbətən 6,8 faiz artıb. Bu barədə komitədən “fins.az”a verilən məlumata görə, iyun ayında orta aylıq əməkhaqqı 488,1 manat olub.
Komitə bildirir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb. Komitədən verilən xəbərə görə, ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq ətinin, kərə və zeytun yağlarının, limonun, naringinin, çiyələyin qiymətlərində bahalaşma müşahidə olunub.
Iyun ayında qeyri-ərzaq məhsullarından parça, geyim və ayaqqabı, inşaat materialları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor və kompüter, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub.
Göründüyü kimi, orta aylıq əməkhaqqının 6,8 faiz artımı fonunda qiymətlərdə daha çox artım müşahidə edilir. Keçən il baş verən iki devalvasiya prosesindən sonra bahalaşmaya böyük vüsətlə start verilib. Bahalaşma əsasən, iki istiqamətdə – ərzaq və məişət texnikası məhsullarının qiymətində hiss edilib. Manatın dollar qarşısında dəyərdən düşməsi əsas gətirilərək xidmət sektorunda da qiymət artımı baş verib. Müşahidə olunanlar ölkədə inflyasiyanın rəsmi şəkildə təqdim edilən səviyyədən xeyli çox olduğunu deməyə əsas verir.
Ümumiyyətlə, devalvasiya prosesi ölkəyə idxal olunan məhsulların qiymətində ciddi artıma səbəb olub. Dəfələrlə qiymət artımı isə inflyasiyanın sürətlənməsinə gətirib çıxarıb. Nəticədə, orta aylıq əməkhaqqının artdığı deyilsə də, bununla bərabər, əhalinin xərci və inflyasiya səviyyəsi də yüksəlib.
Inflyasiyanın qarşısının alınması isə yalnız daxili istehsalın dəstəklənməsi hesabına ola bilər. Ölkə idxaldan asılıdırsa, onun səviyyəsi necə aşağı ola bilər? Bu il qiymət artımının 12 faizdən çox olduğu rəsmi şəkildə deyilir. Hökumət 2016-cı ildə orta illik inflyasiyanı 4,4 faiz səviyyəsində proqnozlaşdırırdı. 2015-ci ildə də ölkədə orta illik inflyasiya 4 faiz təşkil edib. Hadisələrin gedişatı göstərir ki, orta aylıq əməkhaqqının artımından bəhs etsələr də, real inflyasiya həddi buna adekvat deyil. Inflyasiyanın səviyyəsinin artımı, qiymətlərin bahalaşması, xərclərin artması fonunda orta aylıq əməkhaqqının hansı faizlə artması heç bir fərq etmir.azadliq.info