“Bu, ultimatumdur…” – “Paşinyan mətbuat konfransını Əliyevin tələbi ilə keçirib”

13-03-2024, 16:02           
“Bu, ultimatumdur…” –
“Paşinyan bu ərazilərin təhvil verilməsi üçün zəmin hazırlayır, ona görə də mətbuat konfransı təşkil edib”

Məlum olduğu kimi, dünən növbəti mətbuat konfransını keçirən Nikol Paşinyan bir çox aktual məslələrlə bağlı mövqeyini açıqlayıb. Kifayət qədər dolaşıq bəyanatlar verən Baş nazirin açıqlamaları Ermənistanda da birmənalı qarşılanmayıb.

Erməni politoloq Stepan Danielyan yerli mətbuata Paşinyanın mətbuat konfransını şərh edərkən, bunun “ərazilərin Azərbaycana verilməsinə” xidmət etdiyini bildirib: “Nikol Paşinyanın mətbuat konfransının əsas məqsədi Ermənistanın ərazisinin 29 min 800 kvadrat kilometr yox, daha az olduğunu söyləmək olub. Üstəlik, mətbuat konfransı keçirmək qərarı çox güman ki, onun deyil, Azərbaycan Prezidentinin qərarıdır”.

Xatırladaq ki, Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan Respublikasının ərazisi ilə bağlı səsləndirilən 29,8 min kvadratkilometr rəqəminin yuvarlaqlaşdırılmış göstərici olduğunu, əslində isə ərazinin 29,8 min kvadrat kilometrdən az olduğunu bildirib.

Danielyan vurğulayıb ki, Azərbaycan dörd anklavın dərhal təhvil verilməsini tələb edir: “Aydındır ki, bu, ultimatumdur, yəni bu bəyanatdan sonra hadisələr baş verəcək, Azərbaycan böyük ehtimalla bu ərazilərə hərbi yolla daxil olacaq. Müqavimət olacaq, ya yox? İndiki hakimiyyətin davranışını nəzərə alsaq, məncə, olmayacaq”.

Onun sözlərinə görə, Paşinyanın mətbuat konfransı bu ultimatuma reaksiyadır: “Paşinyan bu ərazilərin təhvil verilməsi üçün zəmin hazırlayır, ona görə də mətbuat konfransı təşkil edib. Güman edirəm ki, qapalı görüşlərdə vaxt istəyib, bəlkə də deyib: “Gözləyin, mən açıqlama verəcəm ki, hər şey qanuni şəkildə olsun”. Başqa sözlə, Paşinyan Azərbaycanın gündəliyinə tabedir və onların tələblərini yerinə yetirir”. /azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.