PREZİDENT MƏMMƏDOV VƏ HACIYEVİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Foto + DOSYELƏR(Yenilənib)

14-03-2024, 00:00           
PREZİDENT MƏMMƏDOV VƏ HACIYEVİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Foto + DOSYELƏR(Yenilənib)
Bu gün Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bundan əlavə, sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 (Cild I) ləğv edilib.

Qeyd edək ki, Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.

1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib.

Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlı heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

Son dövrlərdə isə o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.

Rus, fransız və ingilis dillərini bilir.

Bu gün Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında da Sərəncam imzalayıb.

Qeyd edək ki, Vahid Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.

2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.

Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.

O, 13 il “bp Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Daha sonra “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.

V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.