"yeni gələn gedənə rəhmət oxutdurub” məsəli və ya məmurların pul qazanmaq ehtirası

28-03-2024, 09:34           
"yeni gələn gedənə rəhmət oxutdurub” məsəli və ya məmurların pul qazanmaq ehtirası
Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

Haqlı olaraq iki gündür sosial şəbəkələrdə bu absurd qiymət siyasətinə etiraz edilir. Və haqlı olaraq ADY rəhbərliyinin, birbaşa qurumun yeni sədri Rövşən Rüstəmovun təklifi ilə tərtib olunan bu prays-listin ölkə başçısına qarşı sabotajdan başqa bir niyyət daşımadığını deyənlər var. Çünki 24 saat avtomobili bir yerdə park etmək üçün 30 manat qiymət müəyyən etməyə başqa bir səbəb tapmaq mümkün deyil. Bunu nə iqtisadi, nə sosial məntiqlə əsaslandırmaq olmaz. Açıq-aydın insanların cibinə girmək, onları narazı elektorata çevirmək istiqamətində atılan addımdır. Bəs səbəb nədir? Bu, bəlli deyil.

Azərbaycanda "yeni gələn gedənə rəhmət oxutdurub” məsəli bu gün də özü təsdiqini tapmaqdadır. Cavid Qurbanovun atasına rəhmət. Qurbanov bu boyda "islahat” həyata keçirməyə cəsarət etməmişdi. İndi ölkə doludur məmurların obyektləri ilə. Bu da oldu Rövşən Rüstəmovun obyekti...

Elə bu məqamda bəlli oldu ki, Qış Parkı ərazisindəki parkinqdə də qiymətlər qaldırılıb. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə bu məsələyə reaksiya verib. Bildirib ki, "Qış Parkı” adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir.

Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınlara insanlar qapalı parkinqdə saxlaya bilərlər, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası "Qış Parkındakı” yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırlar - əslində əksinə olmalı, gün ərzində çalışanların orada park etməsini stimullaşdırmalı idilər.

Ümumiyyətlə, son zamanlar "Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər, ard-ardına absurd qərarlar qəbul edib, bunu "insan üçün şəhər”, kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər, arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. "Pandemiya” zamanı və ondan sonra "Davosun uşaqları” dünyada, elə bizdə də aktivləşiblər, anti-insan, anti-azadlıq gündəliyini sırımağa çalışırlar.

Daha bir məsələ odur ki, Qış parkını da, yeraltı dayanacağı da Dövlət tikib, mənim-vətəndaşın pulu, vergiləri ilə inşa edib, indi AYNA adlı geydirmə bir quruma veriblər, onlar da istədikləri tarifi müəyyən edir. Yəni, mənim pulumla tikilən dayanacaqdan, məndən yenə pul almaqla qazanırlar – absurddur. Ora özəl yer deyil, özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, yaxşı, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsınlar, özlərinə xarici səfərlər təşkil etsinlər?!

Yüz dəfə demişik – vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi Mer institutuna ödəyək, seçkili Mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil də, vətəndaşın seçdiyi orqan, Böyük Şəhər Bələdiyyəsinin əlində olsun, biz də bilək ki, pulu kimə və niyə ödəyirik.

Mənbə: Yenisabah.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.