İrəvanın Moskvadan keçib ofşora uzanan “qızıl dəhlizi” - İLGİNC FAKTLAR

28-03-2024, 09:28           
İrəvanın Moskvadan keçib ofşora uzanan “qızıl dəhlizi” - İLGİNC FAKTLAR
“Ermənistanda zərgərlik sənayesində şübhəli artım “yüksək iqtisadi artım”a təkan verməkdə davam edir”.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Etk” yazır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni ayları ilə müqayisədə Ermənistanda iqtisadi aktivlik göstəricisi 13,6% artıb.

Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlində ən böyük artım sənaye sektorunda qeydə alınıb. Yanvar-fevral aylarında sənaye istehsalının həcmi ötən ilin eyni iki ayı ilə müqayisədə 28,9% artaraq 462 milyard drama yaxın olub:

“Belə yüksək sənaye artım tempi 2023-cü ilin noyabrında başlayıb. Əvvəlki aylarda sektor sıfır vəziyyətdə idi, bəzi aylarda hətta azalma da qeydə alınıb. Üstəlik, həm mədənçıxarma, həm də emal sənayesi “kədərli” vəziyyətdə idi. Bununla belə, 2023-cü ilin noyabrından sənaye sektorunda kəskin artım müşahidə olunmağa başladı.

Statistik məlumatların təhlili göstərir ki, bu sənaye artımı daha çox zərgərlik sektoru ilə bağlıdır. Noyabr ayında Dövlət Statistika Komitəsi zərgərlik məmulatlarının istehsalının görünməmiş həcmlərini açıqlamağa başladı. 2023-cü ilin dekabr ayında Ermənistanda ümumi dəyəri 82 milyard dram olan təxminən 22 580 kq zərgərlik məmulatı istehsal edilib. Ötən ilin müvafiq ayı ilə müqayisədə bu məbləğ 9,4 dəfə artıb.

2023-cü ilin noyabr ayında maya dəyəri keçən ilin müvafiq ayı ilə müqayisədə 13,7 dəfə artaraq 82 milyard dram təşkil edən 19,807 kq məhsul istehsal edilib.

Artıq 2024-cü ilin yanvar ayında zərgərlik sektorunun istehsalının həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,3 dəfə artaraq 47 milyard dram təşkil edib.

Fevral ayı üçün məlumatlar hələ açıqlanmasa da, sənaye sektorunda artımın zərgərlik sektorunu dəstəkləməyə davam etdiyi güman edilir.

Yəni zərgərlik sektorunun bu statistikası Ermənistanın bütün sənayesi, eləcə də iqtisadi artım üçün mühüm rol oynayır”.

Nəşr yazır ki, lakin Ermənistanda zərgərlik sənayesinin kiçik işçi qüvvəsi və istehsal gücü nəzərə alınmaqla, belə kəskin artım çoxlu suallar və şübhələr yaradır:

“Araşdırmamız nəticəsində müəyyən etdik ki, zərgərlik sənayesinin kəskin artımını bir şirkət - İrəvan Zərgərlik Zavodu təmin edib. Bu fabrikin sahibi hakim “Mülki Müqavilə” Partiyasının deputatı, iş adamı Xaçatur Sukiasyanın ailəsi olub. Eləcə də müəssisənin həmtəsisçisi Qraç Avakyan və onun ailə üzvlərini də unutmayaq. Sonuncunun ailəsi Rusiyada zərgərlik biznesi ilə məşğul olub.

İrəvan Zərgərlik Zavodunun kökləri isə ofşora gedir”.

“Cebhe.info” xatırladır ki, ofşor (ing. offshore) biznesə xüsusi vergi şərtləri və həqiqi sahibi gizlətmək imkanı verən ərazidir.

Ofşor ərazilərdə işləməyin əsas məqsədi vergi ödəmələrini azaltmaqdır. Lakin bu, yeganə səbəb deyil. Məsələn, əgər öz ölkəndə biznes qurmaq təhlükəlidirsə, vəsaitləri ofşor hüquqi şəxsin adına köçürmək mümkündür – bu, şirkəti qorumağa kömək edəcək.

Ofşorlar qeyri-qanuni sxemləri həyata keçirmək, o cümlədən “çirkli pulları” yumaq üçün də istifadə edilir.

İlk ofşor zonalar 1960-cı illərdə yaranıb. Onların sayı durmadan artır. 2021-ci ilə qədər dünyada 40-a yaxın ofşor şirkəti olub.

Ofşor regionlara Karib hövzəsi (Virgin adaları, Panama, Baham adaları, Kayman adaları, Beliz, Barbados, Antiqua, Bermud) və Qərbi Avropa (Kipr, Lüksemburq, Malta, İrlandiya, Normand adaları tərkibindəki Cersi və Hernsi) aid olunur.

Bu və ya digər ərazinin “ofşorluğu” bir sıra amillərdən, məsələn, beynəlxalq arenada yurisdiksiyanın dərketmə səviyyəsi, vergi şərtləri və s. asılıdır. Klassik ofşorlara Bermud, Marşall və Virgin adaları aiddir. Bu ərazilərdə qeydiyyat proseduru çox sadədir, korporativ vergilər isə aşağıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.