3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər
15-04-2024, 08:54
"İstisna deyil ki, Rusiya və Qərbin poliqonu bu dəfə Ermənistan olacaq. Belə bir şəraitdə Azərbaycan daxilində milli həmrəylik ən vacib amildir"
Bu gün dünyada faktiki olaraq üçündü dünya müharibəsi gedir. Doğrudur, bu, hələ elan olunmayıb. Amma planetin müxtəlif regionlarında baş verənlər onu deməyə əsas verir ki, hazırda faktiki olaraq dünyanın bölüşdürülməsi prosesi gedir. Kollektiv Qərb və Şərq yəni geosiyasi xəritə formalaşdırırlar. Bunun üçün isə dünyanın müxtəlif bölgələrində məqsədli şəkildə müharibə ocağı yaradırlar.
Siyasi şərhçi, "Report" İA- nın əməkdaşı Kənan Novruzov "Shergaz"a açıqlamasında deyib ki, iki il əvvəl, yəni 2022- ci ildə Şərqi Avropada Rusiya ilə Ukrayna arasında başlayan və indiyə qədər davam edən savaş üçüncü dünya müharibəsi ilə bağlı fikirlərin əsası oldu. Son günlər Yaxın Şərqdə baş verənlər isə göstərir ki, üçüncü dünya müharibəsinin əslində çoxdan başladığınız iddia edənlər haqlıdırlar:
"Belə ki, aprelin 14- İran qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etdi. Əslində belə bir hücum gözlənilən idi. Çünki aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirdo. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşdi. İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə bildirdi ki, İsrailin hücumu cavabsız qalmayacaq.
Dünyanın ayrı - ayrı bölgələrində baş verən müharibələr əslində bir - biri ilə sıx bağlıdır. Şərqi Avropadakı vəziyyət Yaxın Şərqə, oradakı durum isə öz növbəsində Mərkəzi Asiyaya, Cənubi Qafqaza...təsir edir. Bütün toqquşmaların arxasında duran qüvvələr isə eynidir: imperialist qüvvələr".
Siyasi şərhçi bildirir ki, davam etməkdə olan proseslərin hələlik Azərbaycandan yan keçməsi rəsmi Bakının uğurlu diplomatiyasının növbəti təzahürüdür. Belə ki, Azərbaycan heç bir bloka qoşulmur, kimsənin "çətirinin altına girmir", öz müstəqil siyasətini həyata keçirir, azad iradəsini ortaya qoyur. Azərbaycan Qarabağın işğaldan azad olunması üçün çox düzgün vaxt seçmişdi: nə tələşmiş, nə də gecikmişdi. Hərəkətə keçmək ən düzgün vaxt, tarixi fürsət seçilmişdi:
"Bu gün isə Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik adası yaratmağa çalışır. Faktiki olaraq buna mane olan heç nə yoxdur. Regional əməkdaşlıq mühitinin təmin edilməsi, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması indi heç vaxt olmadığı qədər real və yaxındır. Buna baxmayaq, Şərqi Avropada, Yaxın Şərqdə özünün proksiləri vasitəsilə ambisiyalarını həyata keçirmək istəyən imperialist güclər, xüsusilə Qərb indi də Cənubi Qafqazı "qan gölünə" çevirmək niyyətindədir. Yaxın Şərqdə İsraildən, Şərqi Avropada Ukraynadan istifadə edən ABŞ və Avropa İttifaqı bu gün eyni ssenarini Cənubi Qafqaza təkrarlamaq üçün Ermənistanı öz tərəflərinə çəkirlər. Zəif iradəyə malik rəsmi İrəvan isə "kökə və qamçı" prinsipi ilə Qərbin "çətiri altına" keçir, Rusiyadan uzaqlaşır. Bu isə Cənubi Qafqazda potensial münaqişə ocağı deməkdir. İstisna deyil ki, Rusiya və Qərbin poliqonu bu dəfə Ermənistan olacaq. Belə bir şəraitdə Azərbaycan daxilində milli həmrəylik ən vacib amildir. Məhz bu faktor nəticəsində Azərbaycan gələcək təhlükələrdən də qoruna, siyasi iradəsini, o cümlədən ölkə daxilindəki təhlükəsizliyi qoruya bilər".