GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT - Rəis ifadə üçün Bakıya gətirildi (Yenilənib)
4-05-2024, 00:15
Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.
Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etmək tövsiyə edir.
***
Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
Bakupost.az -ın məlumatına görə, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.
Aydın olub ki, gömrükçülər Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanaraq, onlardan külli miqdarda “RedBull” və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək, yük maşınları boş yola salınırmış.
Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.
Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Araşdırma aparılır. Qeyd edək ki, Elçin Şabanov iyun ayında Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.