Azərbaycandan İrana dost dəstəyi...
25-05-2024, 17:24
İran Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında faciəli şəkildə həlak olması dünyanın diqqətinin bir andaca yerləşdiyimiz bölgəyə yönəlməsinə səbəb olub. Qəza ilə bağlı müxtəlif ehtimallar, fərziyyələr irəli sürülüb. Lakin rəsmi Tehranın da açıqladığı ilkin qənaətə əsasən, faciəyə səbəb texniki nasazlıq və əlverişsiz hava şəraiti göstərilib. Bir çoxları bu xəbərlər fonunda manipulyasiyaya cəhd edərkən, ortaya sağlam mövqe qoyan dövlətlərdən biri də Azərbaycan olub.
Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:
Prezident İlham Əliyev hadisədən dərhal sonra sosial şəbəkə hesabından paylaşım edərək ciddi narahatlığını ifadə edib. Axtarış-xilasetmə işləri ilə bağlı Azərbaycanın dost İran dövlətinə yardıma hazır olduğunu bildirib. Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İranda İbrahim Rəisi və helikopter qəzasında həlak olan digər rəsmilərin anım mərasiminə qatılıb. Təbii ki, Azərbaycanın sərgilədiyi mövqe İranda da təqdir edilir.
Xalqlara və dünyaya verilən açıq mesaj
Azərbaycan Prezidentinin İranın ölkəmizdəki səfirliyinə baş çəkərək burada müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbəti zamanı səsləndirdiyi fikirlər xüsusi vurğulanmalıdır. Dövlət başçısı İran xalqına başsağlığı verərək Seyid İbrahim Rəisini böyük dövlət xadimi, görkəmli siyasətçi, böyük şəxsiyyət adlandırıb: "Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər".
Əldə edilmiş bütün razılaşmalar icra ediləcək
Göründüyü kimi, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. Prezident İlham Əliyevin məlum bəyanatından çıxarılacaq nəticə budur ki, faciə baş verməsinə baxmayaraq, Azərbaycan təməli yenidən atılan qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə, nəzərdə tutulan birgə layihələrin reallaşdırılmasına hazırdır. Bu xüsusda Azərbaycan Prezidentinin İranda seçkilərdən sonra qurulacaq yeni hökumətə ünvanlanan mesajları da diqqətəlayiqdir: "Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda".
Reallaşdırılan birgə layihələr
Artıq Azərbaycan-İran əlaqələrinin bir üst səviyyəyə daşınmasının rəmzi olan "Xudafərin" və "Qız Qalası" hidroqovşağı istifadəyə verilib. Bu layihələr iki dövlətin birgə səyləri və ortaq siyasi iradəsi ilə ərsəyə gəlib. Bu gün Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirəcək yeni qovşağın bir qolu İran ərazisindən keçəcək. Bu istiqamətdə infrastrukturun formalaşdırılması və yolların çəkilişi sürətlə davam edir. Bu yol tək Naxçıvan üçün nəzərdə tutulmayıb. Həm də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir qolu kimi hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfələr verəcək, İranla Azərbaycan arasındakı bağları daha da gücləndirəcək.
Rəsmi Bakı bölgədə sülh və sabitliyin tərəfdarıdır
Artıq Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması məsələsi də həllini tapmaq üzrədir. Bu istiqamətdə diplomatik kanallar vasitəsi ilə intensiv müzakirələr aparılır. Hər iki tərəf rəsmi səviyyədə səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağını təsdiqləyib.
Bütün bu qeyd olunanlar bir daha rəsmi Bakının qonşu dövlətlərlə qarşılıqlı əlaqələrə xüsusi həssaslıqla yanaşdığını göstərir. Azərbaycan regional əməkdaşlıq çərçivəsində bölgəmizdə sülh və sabitliyin təmini, iqtisadi inkişafın, regional inteqrasiyanın tərəfdarıdır. Qonşularımızla münasibətlər qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyin tanınması, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. İllərdir davam edən bu siyasət İran-Azərbaycan əlaqələrinin də təməlini təşkil edib. Mərhum Prezident İbrahim Rəisi ilə son görüşdə əldə olunmuş razılaşmalar və orada səsləndirilən bəyanatlar isə Bakı ilə Tehran arasındakı əlaqələrin daha da sıxlaşacağına, münasibətlərdə yeni bir səhifənin açılacağına təminat verir.