Nazirlik problemi həll etmək əvəzinə, məsələni “qonşu mübahisəsinə” bağlayır - İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ

21-06-2024, 12:00           
Nazirlik problemi həll etmək əvəzinə, məsələni “qonşu mübahisəsinə” bağlayır - İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ
Bakıdakı İlahiyyat məscidinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaratdığı problem barədə məlumat vermişdik.

Yenicag.az xatırladır ki, məsciddə istilər səbəbindən ibadətə gələnlər əlavə problemlər yaşayırlar.

Belə ki, FHN məscidin ərazisində transformator quraşdırmağa icazə vermədiyindən bu ibadət obyektində kondinsionerləri işlətmək mümkün olmur. Bu da məscidin içərisində həddindən artıq istilər səbəbindən ibadət edənlərin vəziyyətini çətinləşdirir.

Qeyd edək ki, İlahiyyat məscidi Türkiyənin ölkəmizdə tikdiyi ibadət ocağıdır. Bu məsciddə yaradılan problem bu isti yay günlərində ibadətə gələnlərə problem yaratmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yönəlmiş hərəkət kimi də dəyərləndirilməlidir.

Bir zamanlar Ramiz Mehdiyevin Azərbaycan-Türkiyə münasibətlərini korlamağa yönəlmiş hərəkətlərini indi də FHN davam etdirir. Azərbaycan vətəndaşları gözəl xatırlayır, 2009-cu ildə Ramiz Mehdiyevin göstərişi ilə Şəhidlər məscidinin yaxınlığında Türk Şəhidliyi xatirə kompleksindəki Türkiyə bayraqları çıxarılıb, hətta bayraq dirəkləri kəsilmişdi.

Dinimiz susuz insanlara bir qab su verməyi ehsan sayır. Bu isti yay günlərində İlahiyyat məscidində ibadət edənlərə istilərlə əzab vermək insanlara qarşı haqsızlıq, Allaha xoş getməyən əməl sayılır.

Onu da xatırladaq ki, İlahiyyat məscidində transformator quraşdırılmasından nazirin xəbərinin olmadığı bildirilsə də, məscidin icmasına göndərilən məktubdan nazirin bu məsələdən xəbərdar olduğu məlum olur.

Qurban bayramı günlərində Azərbaycanın bütün məscidləri ilə yanaşı, İlahiyyat məscidində də bayram namazı qılındı. Minlərlə insan bu bayram ibadətini yerinə yetirmək üçün İlahiyyat məscidinə axışıb. FHN isə bu bayram günlərində məsciddə ibadətə gələnlərə faktiki olaraq, zülm edib. Çünki məscidin icmasının ərazidə transformator quraşdırıb, məsciddə kondinsioner işlədilməsinə icazə verməmək insanlara zülm etməkdir.

FHN Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayevinin imzası ilə məscidin dini icmasına göndərilən məktub problemi həll etmək əvəzinə, əslində problem yaradıb. Məktubda bir yandan İlahiyyat məscidi ilə “Bakı Universiteti” MTK arasında guya hansısa “torpaq mübahisəsinin olduğu” qeyd edilir, bunun həllinin FHN-nin səlahiyyətlərinə aid olmadığı bildirilir, məsələnin “hüquqi müstəvidə həlli məqsədəuyğun sayılır”, digər tərəfdən isə transformatorun quraşdırılması üçün tikinti obyekti sökülür. Bir sözlə, FHN problemi həll etmir, bu məsələni “qonşu davası”, “qonşuların şikayəti” müstəvisinə çəkir. Halbuki transformatorun quraşdırılması üçün tikinti sahəsi İlahiyyat məscidinin öz həyətindədir, bu ərazi də başqa kiminsə mülkiyyətinə daxil deyil. Bundan əlavə, məhkəmə qərarı olmadan tikintini dayandırmaq və ya sökmək də qanunla qadağandır.

Ümid edək ki, bu isti yay günlərində insanlara xeyirxahlıq etmək baxımından İlahiyyat məscidində problem yaradanların qəlbinə azacıq da olsa, insaf düşəcək, ibadətə gələnlərin bu istilərdə əziyyət çəkməməsi üçün problemi normal qaydada həllinə şərait yaradacaqlar.

Yenicag.az yazıda sadalanan məlumatlarla bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyini dərc etməyə hazır olduğunu, mövzunu diqqətdə saxlayacağını bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.