Ermənistandakı proseslər: Paşinyanın nəzarətindən çıxacaq?

21-06-2024, 16:10           
Ermənistandakı proseslər: Paşinyanın nəzarətindən çıxacaq?
Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam etdirilir.

Keşiş Baqrat Qalstanyanın başlatdığı mitinqlər hədəflənildiyi kimi olmasa da, hökumətə təzyiq göstərir. Buna baxmayaraq, etirazların çox ciddi səviyyələrə çatmadığı müşahidə olunur.

Hətta bir çox ekspertlər hazırda Ermənistanda davam edən proseslərin Nikol Paşinyan hakimiyyətinin nəzarətində olduğunu düşünürlər. Daha dəqiq desək, proseslərin nəzarətdən çıxacaq səviyyəyə çatmasının qarşının alına bilir.

Bəs Ermənistandakı proseslər Nikol Paşinyanın nəzarətindən çıxaraq idarəolunmaz səviyyəyə çata bilər?

Mövzu ilə bağlı “Cebhe.info”ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistandakı proseslərin Nikol Paşinyan hakimiyyətini təhdid edəcək çox ciddi siyasi qarşıdurmaya çevriləcəyi inandırıcı deyil:

“Nəzərə almaq lazımdır ki, artıq keşiş Baqrat Qalstanyanın qurduğu siyasi tamaşanın ətrafında ciddi şəkildə seyrəlmələr müşahidə edilir. Əslində, Ermənistan mediası da mitinq iştirakçıları arasında azalmaların getdikcə daha da artdığını nümayiş etdirir. Bu baxımdan, artıq proseslərin Nikol Paşinyanın nəzarətindən çıxaraq idarəolunmaz bir səviyyəyə çatmayacağını düşünürəm”.

Ekspert bunun səbəblərini də izah edib:

“Birincisi, bunun üçün Ermənistanda sosial kütlə və dayaq yoxdur. Erməni xalqı keşiş Baqratın arxasında birləşəcək vəziyyətdə deyil. İkincisi, Qalstanyanın özünün siyasi xarizması yoxdur.

Onun arxasında Paşinyanı devirmək istəyən xarici güc faktorları olsa da, keşiş hanısa siyasi avtoritetə və ya obraza malik deyil.

Ona görə də ətrafında böyük insan kütlələrini cəmləşdirə bilmir. Bundan başqa, Ermənistan xalqı artıq qarışıqlıqdan, ictimai-siyasi sabitsizlikdən və xaosdan bezib.

Bu səbəbdən də Nikol Paşinyana qarşı hansısa ciddi inqilabi proseslərin və hərəkətlənmələrin olacağını güman etmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.