ABŞ-ın sülh gündəliyi narahatlıq yaratdı: Əliyevlə Ərdoğan bu səbəbdən görüşüb?
23-06-2024, 15:43
“ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezləşdirilməsi ilə bağlı təşəbbüsləri müşahidə edilir. Co Bayden Bakı enerji həftəsi münasibətilə İlham Əliyevə məktubunda sülh sazişinin imzalanması ilə bağlı mesajlar verdi. Ardınca ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen İrəvana gəldi və sülh sazişi ətrafında fikir mübadiləsi apardı. İki gün öncə isə Blinken Prezident İlham Əliyevlə eyni mövzunu müzakirə edib”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan sonuncu görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton yaxın dövrdə sülh sazişinin, yaxud ən azı sülh sazişinə dair niyyət protokolunun imzalanmasına çalışır:
“Bu müsbət təşəbbüs olsa da ABŞ-ın sülh gündəliyində Azərbaycanın maraqlarına uyğun gəlməyən məsələlərin olduğu da istisna edilməməlidir. Bu, böyük ehtimalla sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında İrəvanın mövqeyinin nəzərə alınması ilə bağlıdır.
Əliyevlə Ərdoğanın son iki həftədə görüşü və məsləhətləşmələri bundan qaynaqlanır. Bakı ilə Ankara gündəlikdəki məsələni müzakirə edir və birgə addımlarla bağlı qərar verirlər. Görünür, Əliyevlə Ərdoğanın ilk görüşündən sonra yenidən müzakirə etmək zərurəti yaranıb. Türkiyədə bayram tətilində olan Prezident İlham Əliyevə Prezident Ərdoğanın yenidən görüşü həm də hadisələrin inkişafının müzakirə edilməsi, atılacaq addımların qərarlaşdırılması məqsədi daşıya bilər”.
Turan Rzayev