Aİ-dən Bakı və Yerevana dəstək: “İddia olunan atəşkəs pozulmalarını birgə araşdırın"
25-06-2024, 10:14
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi “Azərbaycanla Ermənistan arasında iddia edilən atəşkəs pozulmalarını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaratmaq təklifini” dəstəklədiyini açıqlayıb.
Son on gündə bir neçə dəfədir ki, Azərbaycan Ermənistanla sərhəddə atəşkəs pozulmaları ilə bağlı məlumat yayıb, amma rəsmi Yerevan bunu təkzib edib.
Ermənistanın Baş nazirinin ofisi "diplomatik kanallarla Azərbaycan Prezidentinin ofisinə atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılması ilə bağlı təklif yolladığını" bəyan edib, həftəsonu qurum bildirib.
Rəsmi Bakının bu təklifə münasibəti bəlli deyil.
Azərbaycan Müdafiə Nazirliyi həftəsonu Kəlbəcər istiqamətində iki dəfə atəşkəsin pozulması ilə bağlı məlumat yayıb.
Bundan əvvəl, iyunun 12-dən bəri Naxçıvan istiqamətində mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib, atəşkəsin azı 4 dəfə pozulması barədə məlumat yayıb.
Ermənistan hər iki istiqamətdəki atəşkəs pozulmaları açıqlamalarını rədd edib.
Nikol Paşinyan Naxçıvan istiqamətində iddia olunan "atəşkəs pozulmalarında Ermənistanın siyasi iradəsi" olmadığını açıqlayıb.
“Avropa İttifaqı Gürcüstandakı Monitorinq Missiyası vasitəsilə 15 ildir bu cür görüşlərin təşkil edilməsinə köməklik göstərir və öz təcrübəsini bölüşməyə hazırdır”, -deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bazar günü X hesabında bildirib.
ABŞ Azərbaycan və Ermənistanı "sülh sazişini gecikdirməməyə çağırıb"
ABŞ Dövlət katibi Antony Blinken Azərbaycanla Ermənistanı “sülh sazişi imzalamağı gecikdirməməyə” çağırıb.
Blinken cümə axşamı günü Prezident İlham Əliyevə telefon zəngində Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində apardığı irəliləyişləri təqdir edib,- dövlət katibliyinin mətbuat xidməti yazıb.
İham Əliyev söhbətində "qarşılıqlı normallaşma prosesi və sülh gündəliyinin irəliləməsi üçün səylərin davam etdiyini vurğulayıb", -Azərtac yazıb.
Dövlət katibi İlham Əliyevə zəngində bildirib ki, ABŞ bundan sonrakı əməkdaşlığı tərəflər üçün faydalı olan istənilən şəkildə dəstəkləməyə hazırdır.
Blinken, həmçinin tərəfləri gecikmədən sülh sazişi bağlamağa dəvət edib.
“ABŞ-ın sülhə töhfə vermək təşəbbüsünü yüksək qiymətləndirdiyini" deyən İlham Əliyev bildirib ki, "sülh gündəliyinin irəli aparılması baxımdan, Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulması vacibdir".
Bundan başqa, o deyib ki, “artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması vacibdir".
Bunun üçün "qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişib”, -Prezident Əliyev deyib.
Azərbaycan və Ermənistan arasında son gərginliyin səbəbi nədir?
Çərşənbə günü Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satması xəbərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin və Prezidentinin köməkçisinin bu addımı qınamasına Ermənistan tərəfi cavab verib.
Ermənistan XİN-in təbirincə, “müasir silahlarla təchiz edilmiş ordu saxlamaq hər bir dövlətin suveren hüququdur”.
Bu baxımdan rəsmi Yerevan Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına rəsmi Bakının reaksiyasının çaşqınlıq yaratdığını bildirib.
Azərbaycan XİN isə cavabında deyib ki, belə siyasət Ermənistanın növbəti mümkün “təcavüzünə töhfə verir”.
Ermənistan tərəfi onu da iddia edib ki, Azərbaycan sülh danışıqlarını ləngitməklə COP29-dan sonra münaqişəni qızışdırmaq istəyir, rəsmi Yerevan isə bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərini tanıyır.
“Ermənistan və Azərbaycan ən yüksək səviyyədə 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə razılığa gəliblər. Ermənistan Respublikası bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometrdən artıq heç bir ambisiyaya malik deyil”, Ermənistan tərəfinin məlumatında deyilir.
Yerevan bu yanaşmasının sübutü kimi Qazaxın dörd kəndini qaytarmağını misal göstərib və Azərbaycanı “Ermənistan Respublikasının 30-dan çox kəndinin həyati əhəmiyyətli ərazilərinin işğalını dayandırmağa çağırıb”.
Azərbaycan tərəfi buna cavab olaraq deyib ki, hələ sərhədlər müəyyənləşmədən, delimitasiya olmadan Ermənistan həmin ərazilərin özünün olduğunu deməsi və Azərbaycanı işğalda təqsirləndirməsi “absurddur”.
Azərbaycan XİN onu da bildirib ki, “30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən” Ermənistandır.
Ermənistan həmçinin deyib ki, Azərbaycan onun sülh razılaşmasını bir ay ərzində yekunlaşdırmaq barədə təklifini cavabsız qoyub.
“Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”, - Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə deyib.
Ermənistan tərəfi hesab edir ki, Konstitusiyasının dəyişdirilməsi ölkənin daxili işidir və sülh müqaviləsinə aidiyyatı olmamalıdır.
Azərbaycan isə qeyd edir ki, bu vəziyyət gələcəkdə Azərbaycana qarşı təcavüzə başlamaq üçün Ermənistanın ehtiyat variantı ola bilər.
Azərbaycan: Fransanın Ermənistanı "silahlandırması yeni müharibəyə aparan yoldur”
Azərbaycan Fransa ilə Ermənistan arasında yeni hərbi razılaşmanı "zərərli siyasət" adlandırıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti "ciddi təhdid yaradır".
Bu həftə Ermənistan müdafiə nazirinin bu həftə Fransa səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə edilib, Ermənistan Müdafiə Nazirliyi bildirib.
Azərbaycan Müdafiə Nazirliyi (MN) Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satmasını qınayan bəyanat yayıb.
Azərbaycan MN bəyan edib ki, Ermənistanın silahlandırılması ilə “Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə” Ermənistan rəhbərliyi və Fransa Prezidenti Emmanuel Macron daşıyacaq.
Fransa tərəfinin ittihamlara cavabı hələ ki məlum deyil.
Nazirlik bu gün yaydığı xəbərdə bildirib ki, Fransa rəsmiləri əvvəllər Ermənistana yalnız müdafiə təyinatlı silahlar verildiyini desələr də onları öldürücü və hücum təyinatlı artilleriya qurğuları ilə təchiz etməsi “təxribatçı fəaliyyətdir”.
“Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, - Azərbaycan Müdafiə Nazirliyinin saytı yazıb.
Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə edilib, Ermənistan Müdafiə Nazirliyi bildirib.
Razılaşma çərçivəsində Caesar toplarının alınması da nəzərdə tutulub. Fransanın silahlı qüvvələr naziri Sebastien Lecornu həmin müqavilənin imzalanmasını “yeni mühüm mərhələ” adlandırıb.
Razılaşmalar Fransada, Sebastien Lecornu ilə Ermənistan müdafiə naziri Suren Papikyan arasında keçirilən müzakirələrdə əldə edilib.
Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirib ki, Papikyanın səfəri zamanı Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın KNDS hərbi sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Şirkətin saytında bildirildiyi kimi, KNDS əsas döyüş tankları, zirehli maşınlar, artilleriya sistemləri, döyüş sursatları, döyüş idarəetmə sistemləri istehsal edir, eləcə də təlim həlləri, qoruyucu vasitələr və sair təklif edir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Fransaya səfəri çərçivəsində “Eurosatory 2024” beynəlxalq sərginin açılış mərasimində iştirak edib, eksponatlarla tanış olub, hərbi-sənaye şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
2023-cü ilin payızında iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə görə, Ermənistanın Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat alacağı gözlənilirdi.
Fransa Ermənistana həmçinin Fransa istehsalı olan Bastion çoxfunksiyalı zirehli avtomobilləri vermişdi.
Rəsmi Bakı həmin vaxt Fransanın Ermənistana hərbi texnika göndərməsini pisləmişdi.
Caesar Fransada istehsal olunan 155 mm-lik zirehli haubitsadır.
Ermənistan və Fransa arasında yeni hərbi razılaşmalar əldə edilib
Azərbaycan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib
İki ölkə arasında sülh danışıqları barədə fikir ayrılığı olsa da, cümə günü Azərbaycan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.
Qurum bildirib ki, bu, Azərbaycanın “xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini” nümayiş etdirir.
Dövlət Komissiyasının məlumatına görə, iki hərbçinin meyit qalıqları hər hansı digər vasitəçinin iştirakı olmadan təhvil verilib.
Məlumata görə, onlar 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olublar.
Meyit qalıqlarının Daşkəsən rayonu Buğdadağ yüksəkliyi və Kəlbəcər rayonu Dəvə dağının yaxınlığında aparılan axtarış işləri zamanı aşkarlandığı bildirilib.
BBC