İranın klassik siyasətindən ayrılacağını söyləmək çox tezdir

6-07-2024, 08:24           
İranın klassik siyasətindən ayrılacağını söyləmək çox tezdir
Siyasi şərhçi Aqşin Kərimov qeyd edir ki, İranda prezident seçkisinin ikinci turunda namizədlər Səid Cəlili ilə Məsud Pezeşkianın çəkişməsi seçici iradəsinin nəticəsi ilə deyil, daha çox dövlətin elitasındakı güc rəqabəti səhnəsinin verdiyi qərarlar əsasında nəticə hasil edəcək: “Onsuz da İran seçicisi namizədlərin şəxsi dürüstlüyünə yox, bu iki şəxsin əhalinin rifahı üçün təqdim etdiyi qavrayışlara diqqət yetirirlər.
Maraqlıdır, bu iki siyasi obraz İran iqtisadiyyatını yaxşılaşdırmaq üçün nə təklif edir? Pezeşkian iqtisadiyyatda, o cümlədən qadınların və azlıq qruplarının ictimai iştirakının artırılmasının vacibliyini vurğulayır. Pezeşkian deyir ki, beynəlxalq sanksiyalar İranın iqtisadi problemlərinə qismən səbəb olur. Ancaq onu da əlavə edir ki, hökumətin iqtisadi siyasəti tam şəkildə həyata keçirməməsi də İranın iqtisadi çətinlikləri sırasındadır. Pezeşkian iqtisadiyyatın yaxşılaşdırılmasının dünya ilə diplomatik münasibətlərdə də praqmatizm tələb etdiyini deyir.
Cəlili isə diqqətini növbəti hökumətin necə daha çox iş imkanları yarada biləcəyinə yönəldir. Cəlili sanksiyaların İran iqtisadiyyatına təsirini azaltmaq üçün alternativ ticarət tərəfdaşları tapmağı təklif edir. O, Qərblə nüvə danışıqlarının və beynəlxalq sanksiyalardan qurtulmanın əhəmiyyətini azaltmaq üçün təklif edir ki, İran sanksiyaların acı nəticələrini kompensasiya etməkdən ötrü enerji ixracını artırmalı və xarici investisiyaları cəlb etməlidir. Amma bunun necəliyinə dair onun təsəvvürləri aydın deyil.
Məsud Pezeşkian isə xarici siyasətdə daha mühafizəkar kimi davranan model təqdim edir. Birincisi o, ali rəhbər Seyid Əli Xameneyiyə tabe olduğunu təkrarlayır. Doğrudur, burada Pezeşkianın gizli bir məqsədi odur ki, mühafizəkarların Səid Cəlilidən narazı olan qismindən səs alsın. İkincisi, Pezeşkian İranın uranın zənginləşdirilməsini artıracağına və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişin məhdudlaşacağını vurğulayır. Mötədil islahatçı blok bu qanunu Qərblə nüvə danışıqlarının irəliləyişinə maneə kimi qiymətləndirir.
Göründüyü kimi, hər iki namizəd İrandakı durumu sahmana salmağın yolunu xarici siyasətdəki yanaşmaları izləmək fonunda vurğulayır. Ziddiyyətli görünən düyünlər onda açılır ki, İranda prezidentlik institutunun başına kimin keçməsi ilə xarici siyasət müəyyənləşmir.
İranın oturuşmuş və mühafizəkar dəst-xəttə əsaslanan xarici siyasəti mövcuddur və ölkədəki yeni prezident həmin kursu izləyəcək".
Aqşin Kərimov əlavə edib ki, müəyyən yumşalma və əməkdaşlıq modellərində prezidentin təqdim etdiyi ideyalar rol oynaya bilər, lakin ümumilikdə İranın klassik siyasətindən ayrılacağını söyləmək çox tezdir.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.