İrana rəhbərlik edəcək azərbaycanlı kimdir? - Dosye

6-07-2024, 11:28           
İrana rəhbərlik edəcək azərbaycanlı kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, İranda keçirilən 13-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.

Axar.az Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Məhabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub. 1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanır, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdır. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsindən məzun olub.

O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni ziyarət edərək, buraya tibbi heyət göndərməklə yanaşı, hərbçi və həkim kimi fəaliyyət göstərməkdən məsul olur.

Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayır.

Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru olaraq bu vəzifədə 5 il fəaliyyət göstərib.

Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra heç evlənmir, 2 oğlu və 1 qızını tək böyüdür.

Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışır. 5 dəfə İran Parlamentinin Təbriz təmsilçisi seçilən Pezeşkian 2016-2020-ci illərdə Parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğu ilə bağlı çıxış edib.

Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.

M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.

2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürür. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilir.

Nəhayət, 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində o, digər rəqiblərini üstələyərək prezident kürsüsünə yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.