Gürcüstan – inkişaf və problemlər.
7-07-2024, 22:59
Son günlər Gürcüstanda oldum, əhalinin dolanışığı, gözləntilər və problemlərlə bağlı bəzi məlumatlarla tanış oldum.
Əvvəl onu deyim ki, Gürcüstan iqtisadiyyatında vəziyyət kifayyət qədər yaxşıdır – 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.
Gürcülər AB ölkələrinə vizasız gedə bilir deyə, işçi qüvvəsinin bir hissəsi AB ölkələrinə gediblər – ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TİR sürücüləri və bizr çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanac əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də, əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır.
Biznes üçün də cənnətdir – kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə “pandemiyadan” öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib 4 mlrd. dollar turizmdən pul qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollar qazancdır, düşünürəm ki, hədəflərinə artıqlaması ilə çatcaqlar.
Mənimlə təyyarə ilə ora uçanlar arasında 10-15 nəfər Orta Asiyadan işçilər də var idi, söhbət etdim, briqada kimi tikintidə işləməyə gedirlər, dedilər ki, çox sərfəli qazanc imkanları, liberal qanunları var.
Dünən Bakıya dönərkər isə bir gənc ailə gördüm, tanıyıb salamlaşdılar, ər, həyat yoldaşı və 2 kiçik uşaqla Tiflisdən dönürdülər. Gəzməyə gəldiklərini güman etdim, amma ailə başçısı çox yüksək təhsilli və mədəni gənc insan dedi ki, işlə bağlı “kəşfiyyata” gəlib, maraqlı görüşləri olub, Gürcüstana köçməyi planlaşdırır. (izləyir profilimi, istəsə, özü bu haqda yaza bilər)
Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə, azı 10 nəfərə yaxın geriyə, Gürcüstana qayıdıblar, özəl iş quranlar da var, yaxşı maaşlı iş tapıb çalışanlar da - hə, onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş Bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar.
Bir sözlə, Gürcüstan öz yolunu-izini tapıb, hələ “tənbəllikləri” olmasa çox irəli gedərdilər, amma yenə də inkişaf trendini tutublar, relsə düşüblər. “Gürcü arzusundan” da, biz təsəvvür etdiyimiz, ya da bizim sosial şəbəkələrdə, mediada gördüyümüz kimi narazı deyillər, Saakaşvilini də bizdəki kimi, sevmirlər.
Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəllik var, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar.
Azərbaycanın bu gün 1 nömrəli problemi İQTİSADİYYATDIR, artım, demək olar ki, dayanıb, inkişaf üçün “driver”-lər tükənib, yenilərinə ciddi ehtiyac var. Əgər yeni inkişaf alqoritmləri qura, yarada, tapa bilməsək Cənubi Qafqazın iqtisadi liderliyini sürdürə bilməyəcəyik – artıq geridə qalmağa başlamışıq. Halbuki, bizim millət çalışqan, işləyən, pul qazanmağı bacaran və sevəndir – hökumətdən də istəyi kömək deyil, sadəcə mane olmasınlar, yetər...
Natig Jafarli
TEREF