“Tibb, təhsil müəssisələrinin qarşısında satışı qadağandır, lakin...” — Siqaretlə bağlı yeni tələb
16-07-2024, 12:34
Azərbaycanda siqaretin idxalına yeni tələb qoyulub. “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir. Bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir.
Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergi ödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergi ödəyicisi barədə riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə bir sıra ölkələrdə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəlmiş çağırışlar səmimi deyil. Ekspert
Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda tütünün məhdudlaşdırılmasına dair qanun qəbul olunub. Azərbaycan ÜST-ün tütündən istifadənin məhdudlaşdırımasına dair Çərçivə Konvensiyasına qoşulub:
“Digər tərəfdən də dünyada tütünçülük sponsorlaşdırılır. İstehlakçılar anlamalıdırlar ki, uzun ömrün sirri sağlamlıqdır. İstər “light” növü olsun, istər “glow”, istər nazik siqaret, elektron siqaret, qəlyan – tütün məmulatlarının hamısı zərərlidir. Ən təhlükəlisi isə filtersiz siqaretlərdir, bunların istehsalı hələ də davam edir. Şəhərdə dənəsi 30-50 qəpiyə satılır, azyaşlılar da ən çox bu siqaretlərdən istifadə edirlər təəssüf ki. Bu siqaretlərin tərkibində karbon-monoksidin, nikatinin miqdarı həddən artıq çoxdur. Azərbaycanda tütün de-yure məhdudlaşdırılsa da, de-fakto tam əksidir. Azərbaycan nadir ölkələrdəndir ki, super marketlərə girəndə bizi siqaret satılan lövhə qarşılayır. Bir çox ölkələrdə siqaret açıq şəkildə satılmır, xüsusi məkanlarda satılır. Azərbaycanda siqaretin tək-tək satışı qadağandır, lakin hər yerdə satılır. Tibb, təhsil müəssisələrinin qarşısında satışı qadağandır, lakin satılır. Reklamı qadağandır, lakin canlı reklam olunur. Yaxın vaxtlara qədər Zorge küçəsi ilə Xaqani küçəsinin kəsişməsində üzərinə “Siqaret evi” yazılan məkan var idi. Siqaret məişət narkomaniyasıdır, ağ ciyər xərçənginə səbəb olur. Siqaret çəkənlər iki dəfə kişi olur, bir dəfə ona başlayanda, bir dəfə də tərgidəndə. Siqaret çəkənlərə üzümü tutub deyirəm – cərrahın bıçağı boğazınıza dirənəndə başa düşəcəksiniz nə səhv etdiyinizi, onda isə gec olacaq”.