Qərbi Azərbaycan Xronikası: "Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib"

16-07-2024, 09:38           
Qərbi Azərbaycan Xronikası: "Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar elm xadimi, akademik, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov olub.

O, doğulub boya-başa çatdığı Göyçə mahalının, Basarkeçər rayonunun Zod kəndi haqqında xatirələrini dilə gətirib. Bildirib ki, ömrünün ən gözəl anları Zod kəndi ilə bağlıdır. Onun sözlərinə görə, tarixən azərbaycanlıların yaşadığı bu yaşayış məntəqəsinin altı mindən çox sakini ötən əsrin müxtəlif dövrlərində daşnak quldurlarının, erməni millətçilərinin silahlı hücumlarına, təzyiqlərinə məruz qalıblar. Buna baxmayaraq, birlikdə ermənilərə qarşı ciddi müqavimət göstərib, ata-baba yurdlarını qoruyublar. Akademik deyib ki, hətta Göyçə camaatına zülm edən erməni generalı Sulikov məhz Zodda zərərsizləşdirilib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dörd dəfə deportasiyaya məruz qaldığını xatırladan Ə.Əmiraslanov atası, Əməkdar müəllim Tapdıq Əmiraslanovun söylədiklərinə istinad edərək vurğulayıb ki, 1948-1953-cü illərdə ermənilər azərbaycanlılara yalan vədlər verib, saxta təbliğat aparıb, müxtəlif təzyiqlərlə yerli əhalini köçməyə məcbur ediblər. Akademik təəssüflə qeyd edib ki, həmin dövrdə Azərbaycanın bəzi vəzifəli şəxsləri də Moskvadan gələn göstərişlər əsasında bu saxta təbliğat prosesinə cəlb edilib, azərbaycanlıların kütləvi şəkildə aran zonasına köçürülməsində müəyyən mənada iştirakçı olublar. Köçürülən azərbaycanlıların böyük əksəriyyəti iqlim dəyişikliyinə məruz qalıb, müxtəlif xəstəliklərə yoluxub, həyatlarını itiriblər. Əməkdar elm xadimi söyləyib ki, ötən əsrdə azərbaycanlıların deportasiyası birbaşa SSRİ rəhbərliyinin göstərişi, o cümlədən Kremldə mühüm vəzifə sahibi olan Anastas Mikoyanın təşəbbüsü ilə baş verib.

Müsahib bildirib ki, İosif Stalinin ölümündən sonra azərbaycanlıların bir qismi yenidən ata-baba yurduna qayıdıb. Lakin erməni millətçiləri ali təhsil almış azərbaycanlı gəncləri, kadrları yalnız müəllim vəzifəsinə təyin edib, digər sahələrdə işləməsinə, irəli getməsinə mane olublar. Buna görə də soydaşlarımız işləmək üçün zaman-zaman Qərbi Azərbaycandan kənara üz tutublar. O diqqətə çatdırıb ki, vaxtilə atası T.Əmiraslanov Basarkeçərdə yer adlarının dəyişdirilməsinə etiraz etdiyi üçün erməni millətçiləri onu rayonun partiya rəhbərliyindən azad edib daha aşağı vəzifəyə təyin ediblər.

1988-ci il hadisələrinə toxunan Ə.Əmiraslanov deyib ki, o illərdə Azərbaycanın siyasi rəhbərliyi soydaşlarımıza dəstək olsaydı, ermənilər Göyçəni boşalda bilməyəcəkdilər. Qərbi Azərbaycan İcmasında rəhbərlik etdiyi Ağsaqqallar Şurasının fəaliyyətindən söhbət açan müsahib tez-tez gənclərlə görüşlər keçirdiklərini, onların suallarını cavablandırdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycandan olan ağsaqqallar məruz qaldığımız deportasiyaların informasiya daşıyıcılarıdırlar. Akademik söyləyib ki, Qərbi azərbaycanlılar dinc şəkildə, sülh şəraitində öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bunun üçün ilk növbədə beynəlxalq aləmi inandırmaq lazımdır ki, tarixi torpaqlarımızın əzəli sakinləri bizlərik.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.