Otellərdə məntiqə sığmayan durum: - Tələbat azalıb, qiymətlər isə artıb
16-07-2024, 16:46
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan “booking.com” üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda isə 118 manat (48,5 % az) təşkil edib.
İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda isə 164,2 manat (10,3 % az) olub.
Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda isə 134 manat (26,2 % az) təşkil edib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib:
“Bu keçən ilin eyni dövrü ilə müqayisədə 26,4 %, 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 %, 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir.
Yəni, ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama, 30 % bahalaşıb. Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, turizm sahəsində çalışanların maaşları artmayıb, yaxşı, nə baş verib ki, otellər 30 % bahalaşıb?”
Ekspert bildirib ki, qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə otellərin doluluq səviyyəsi pis gündədir:
"Bu ilin 1-ci rübündə Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82 %-i boş qalıb. Doluluq səviyyəsi ölkə üzrə cəmi 18 % olub.
Əgər bu rəqəmlər doğrudursa, o zaman məmləkətdə məntiq yenə “ölüb”. Otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama 30 % qaldırıblar, məntiqlə tam tərsinə olmalı, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər.
Əgər bu rəsmi rəqəmlər yanlışdırsa, otellər vətəndaşları qonaqlayır, amma rəsmiləşdirmirlərsə, o zaman “bir vaqon” nəzarətçi hökumət qurumları hara baxır, niyə göz yumurlar, nəyin müqabilində görməzdən gəlirlər?!"