Azərbaycan prezidenti ABŞ seçkilərindən danışıb
21-07-2024, 12:44
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri və Azərbaycan-ABŞ münasibətləri ilə bağlı sualları cavablandırıb.
Dövlət başçısı Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Amerikada vəziyyət bir o qədər birmənalı deyil. Bir ay əvvəl fərqli idi. Demokrat Partiyasının vəziyyəti fərqli idi. Beləliklə, Siz Azərbaycan Prezidenti olaraq yanvarın 20-də kimin adının səsləndirilməsini istərdiniz?" sualına cavabda bildirib ki, onun bu suala bəlkə də birmənalı cavab verməsi düzgün olmaz.
Əliyev fikirlərini "maksimal dərəcədə səmimi" ifadə etməyə çalışıdığını, ancaq "siyasi mədəniyyət anlayışı"-nı nəzərə alaraq suala birbaşa cavab verməyə imkan olmadığını vurğulayıb. Daha sonra isə o, üstünlük verdiyi tərəfin xüsusiyyətlərinə toxunub.
"Tamamilə əminəm ki, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda bu mövqedə olan yeganə şəxs mən deyiləm. Biz bu məsələyə öz nöqteyi-nəzərimzdən yanaşırıq," deyə Əliyev eyni zamanda əlavə edib ki, "qərarı Amerika xalqı verəcək."
Prezident Əliyev Donald Trampın hakimiyyəti dönəmində müharibələrin məhdud olduğunu bildirib və onun təmsil etdiyi "ənənəvi dəyərlərə" müsbət yanaşdığını ifadə edib.
“Amerikada onun [Trampın] hakimiyyəti dövründə Koreya, Yuqoslaviya, Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriyada müharibələr olmayıb və bu siyahı davam edə bilər. Düşünürəm ki, buna çox böyük hörmətlə, rəğbətlə yanaşmağa dəyər. İkinci tezis, bu məsələyə çox dərin varmaq istəmirəm. Amma, digər ikinci tezis də çox əhəmiyyətlidir. Ələlxüsus ilk əvvəl ABŞ üçün və onların birbaşa təsiri altında olan ölkələr üçün mühüm olan tezis də ənənəvi dəyərlərə dair çox bariz mövqedir. Düşünürəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti bu mövqeni nəinki paylaşır, fəal şəkildə onu təcrübədə təbliğ edir," deyə Əliyev fikrini tamamlayıb.
Prezident İlham Əliyev ABŞ vətəndaşı Ramiz Yunusun Azərbaycan-ABŞ əlaqələri haqqında sualına da cavab verib. Yunus sualında Əliyevin həm Respublikaçılar, həm Demokratlarla əlaqədə geniş təcrübəyə malik olduğunu deyib və soruşub: "Sizcə Demokratlar və ya Respublikaçılar administrasiyası ilə daha yaxşı dil tapmaq olur? Sizcə Ağ Evdə dəyişikliyin regionumuzla bağlı hansı nəticləri, dəyişiklikləri olacaq?”
Əliyev bildirib ki, Azərbaycan-ABŞ əlaqələrinin görünən tərəfindən danışdıqda Azərbaycanın Respublikaçılar hakimiyyəti ilə əlaqələrin "səmərəli" olduğunu vurğulayıb, eyni zamanda Birləşmiş Ştatları Azərbaycanın siyasi həyatına müdaxilədə ittiham edib
“Mənim ABŞ liderləri ilə əlaqələrimə nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanda bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Birbaşa və müəyyən QHT-lər vasitəsi ilə bu cəhdlər olub.”
Prezident Əliyev həmçinin deyib ki, enişli-yoxuşlu dövrlərə baxmayaraq Azərbaycan ABŞ-la münasibətlərə strateji və vacib kimi yanaşıb. O, bu xüsusda Azərbaycanın NATO koalisiyası ilə Əfqanıstandakı əməkdaşlığını qeyd edib, lakin ölkəsinin sülhməramlı səylərə töhfəsinə baxmayaraq 907 saylı düzəlişin hələ də qüvvədə qaldığına diqqət çəkib.
Bir neçə həftə öncə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın müstəqillik günü münasibətilə Co Baydenə göndərdiyi məktubda iki ölkə arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb edildiyini bildirib:
“İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.”
Öz növbəsində ABŞ Prezidenti Co Bayden Azərbaycanın müstəqillik günü münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubunda ABŞ-ın ikitərəfli münasibətlərə dəyər verdiyi qeyd olunur.
“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gəlmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”, təbrikdə deyilir.
İyunun 21-də ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyev arasında telefon danışığı olub.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller telefon danışığı zamanı Antoni Blikenin ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğuladığı, ortaq iqlim və enerji məqsədlərinə dair Azərbaycanla konstruktiv əməkdaşlığı vurğuladığı, ABŞ-ın COP29-un uğur qazanmasına yardım etməyə sadiq olduğunu dediyini bildirib.
“O, ABŞ və Azərbaycan arasında yenilənmiş və daha güclü ikitərəfli münasibətlərə çağırıb. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu tez bir zamanda etməyə çağırıb” – ABŞ Dövlət Departamentinin ABŞ Dövlət katibi və Azərbaycan prezidenti arasında telefon danışığı ilə bağıə açıqlanmasında deyilir,” Metyu Miller əlavə edib.
İyulun 15-dən 18-nə kimi Viskonsin ştatının Milvoki şəhərində keçirilən Respublikaçıkarın Milli Qurultayında iştirak edənə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Amerikanın Səsinin ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri haqda sualını cavablandırıb.
“Düşünmürəm ki, hansısa bir dəyişikliklər, və yaxud eyni administrasiyanın davam etməsi ABŞ-Azərbaycan münasibətlərinə çox ciddi bir təsir göstərəcək. Çünki biz əgər tarixə getsək, görərik ki, həm Demokratlar zamanı, həm Respublikaçılar zamanı Azərbaycanla münasibətlərdə çox böyük yüksəlişlər olub. Məsələn, çoxları düşünür ki, məhz Demokratlar enerji məsələrinə çox diqqət yetirmirlər. Amma tam əksinə. Azərbaycanla enerji münasibətləri məhz Demokratlar zamanında, Bil Klinton zamanında başlayıb. Təhlükəsizlik sahəsində daha dərin əməkdaşlıq Respublikaçılar zamanı başlayıb. Nəqliyyat sahəsində hər ikisi zamanı olub. Ona görə də, burada mən düşünmürəm ki, hansısa bir formada administrasiyanın dəyişilməsi və ya da davamı ABŞ-Azərbaycan münasibətlərinə çox ciddi bir təsir göstərəcək.”
Amerikanın Səsinə müsahibəsində Respublikaçıların Milli Qurultayında faydalı görüşlərin keçirdiyi qeyd edən səfir avqust ayında Çikaqo şəhərində Demokratların Milli Qurultayında da bənzər şəkildə səmərəli görüşlər keçirəcəyinə əmin olduğunu bildirib.