ABŞ-Ermənistan:

22-07-2024, 13:18           
ABŞ-Ermənistan:
İkinci Qarabağ müharibəsindən sonra Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin sütunları yerindən laxladı. Keçən dörd il ərzində İrəvanla Moskva qırılmış müttəfiqlik iplərini təmir etməyə çalışsa da, bu nəticə vermədi və tərəflərin ritorikası getdikcə dövlətlərarası düşmənçilik səviyyəsinə qədər inkişaf etdi. Rusiyadan üz döndərib Qərbin radiusuna sığınmaq meylini gücləndirən Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaradan predmetə çevrildi.
Bu əsnada Ermənistanın regionda geosiyasi münaqişə potensialını gücləndirəcək yeni bir addımı da tozanaq yaratdı.
Rusiya İrana pas atır
Söhbət “Eagle Partner 2024” adı verilən ABŞ-Ermənistan birgə hərbi təlimlərindən gedir. Ermənistanla təlimlər beş apreldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli tamaşasının davamıdır.
Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bu təlim elə təhlükəsizlikə təhdid ritorikası ilə şərh edilib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilk olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etmək addımları fonunda təlimlərə qiymət verib. Rusiya diplomatiyasının kəskin və kəsərli diplomatik ifadələri ilə tanınan xanım siması bildirib ki:
- Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçirilir,
- Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün plasdarm yaratmaqdır,
- Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib.
Tehran həyəcan keçirən tərəf kimi görünmür
“Eagle Partner” təlimi yeni olmasa da, onun Moskva-İrəvan xəttindəki kəskin qırılmaların artması fonunda baş tutması Kremli bərk qəzəbləndirib. Xanım Zaxarova bu qəzəbi və regional təhlükəsizlikdə məsuliyyəti bölüşmək üçün İrana da top atır. Düzdür, İran ötən il “Eagle Partner 2023” təlimlərinə etiraz etmişdi. Lakin bu etirazlar daha çox informasiya fonu idi və Tehran ABŞ-Ermənistan münasibətlərinin hərbi əsaslarının güclənməsindən elə də narahat tərəf kimi çıxış etmirdi. Bununla belə, İrəvanla Vaşinqton arasında təhlükəsizlik əlaqələrindəki “alovlu faza” regionda qarşıdurmaları artıran mərhələni təsvir etməyə imkan yaradır.
Çünki Ermənistan ABŞ-nin regional təmsilçiliyini artırmağa yardım etməklə Moskvadan əvəz çıxdığını düşünür ki, bu da bölgədəki təhlükəsizliyin həssas iplərini tərpədir. İran bu tərpənişlərin özünün qırmızı cizgilərinə yaxınlaşdığını hiss edəndə Ermənistana diş göstərir, ancaq hələlik Tehran dərin həyəcan keçirən tərəf kimi görünmür.
Azərbaycan prosesi yönləndirir
Azərbaycan prosesi regional təhlükəsizlikdə vahid qavrayışların çağırışı ilə izah etmək yolunu seçir. İrəvanla Vaşinqtonun əməkdaşlığı Azərbaycana imkan yaradır ki, o, strateji müttəfiqi Türkiyə ilə bərabər, Rusiya və İranın da eyni cəbhədə iştirakını təmin edən addımlar atsın.
ABŞ-Ermənistan təlimləri regionda qüvvələr nisbətinə təsir edən nəticə yaratmadığından Azərbaycan böyük narahatlıqlar içərisində deyil. Amma rəsmi Bakının strategiyasında regionda yaranmış Rusiya-Ermənistan qarşıdurmasını faydaya çevirmək prioritetləri dayanmaqdadır. Belə ki, Azərbaycan:
1. ABŞ-Ermənistan təlimləri fonunda Rusiya ilə strateji əlaqələrini gücləndirir, lakin bunu Kremlin masasındakı ambisiyalara inteqrasiya etmir. Bu məsələ regional təhlükəsizlikdə Azərbaycan-Türkiyə-Rusiya üçbucağının təsirlərini böyüdür.
2. Bakı Rusiyadan Ermənistana verilən “barıt qoxulu” mesajları Vaşinqtona təzyiq aləti kimi istifadə edir. Yəni Bakı Ağ Evin diqqətinə çatdırır ki, onun İrəvana xüsusi imtiyaz verməsi üçün atdığı hərbi addımlar Azərbaycan-Ermənistan sülh gündəliyinə zərərli elementlər qatır. Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq bu tezisləri tamamilə arxa plana atmır.
Bakı üstünlük qazanacaq
Azərbaycanın Ermənistan üzərində əlavə həlledici üstünlüklər qazanacağı şübhə doğurmur. Lakin Qərb kuluarlarında prosesi qaranlıq tunelə çəkmək üçün Bakının imkanlarını məhdudlaşdırmaq planı üzərində iş gedir. Belə maneələrdən biri ABŞ-nin Ermənistanda nüvə reaktoru yaratmaq planıdır. Bu niyyət onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor” AES-in gücləndirilməsinə xidmət edir. Yəni ABŞ Ermənistanı siyasi məna ilə yanaşı, fiziki cəhətdən də məhvə aparır. Burada niyyət, təbii ki, regional çaxnaşma yaradılmasına nail olmaq və Ermənistan üzərinə təzyiqlərin davam etməsi fonunda Vaşinqtonun regionda qalması üçün bəhanə tapmaqdır.
Çıxaracağımız nəticə budur ki, motivlərindən asılı olmayaraq, Azərbaycan növbəti strateji irəliləyişlərə nail olmaq imkanları qazanır. Qərbin Azərbaycana qarşı genişmiqyaslı aqressivlik fonunda ABŞ-Ermənistan təlimlərinin keçirilməsi Bakının qarşısındakı maneələri aşmasına əngəl yaratmayacaq.
Ancaq Azərbaycan Qərblə fikir ayrılıqlarına baxmayaraq, NATO və ABŞ ilə münasibətlərini qabağa aparmaq xəttindən də kənara çəkilməyib. Rusiya bunu qısqansa da, Bakının balansına hörmət edir. Çünki Azərbaycan tərəfdaşlıq münasibətlərini hansısa gücə qarşı əzələ nümayişi konstruksiyası kimi qurmur. Ermənistan isə NATO-nu Rusiyaya qarşı Cənubi Qafqazda cəbhə açmaq üçün regiona gətirir.
Aqşin Kərimov,
"Kaspi" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.