“BİZİ BİR NEÇƏ ÇƏTİN GÜN GÖZLƏYİR...” – “ABŞ İranın İsrailə hücumuna hazırlaşır”

3-08-2024, 16:44           
“BİZİ BİR NEÇƏ ÇƏTİN GÜN GÖZLƏYİR...” – “ABŞ İranın İsrailə hücumuna hazırlaşır”
Bayden administrasiyası əmindir ki, İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbələrinə istinadla məlumat verib.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri İranın aprelin 13-də İsrailə qarşı raket və PUA hücumuna oxşar hücum gözləyirlər. İranın aprel hücumu yüksək rütbəli iranlı generalın ölümünə səbəb olan Dəməşqdəki İran obyektinə İsrailin hava hücumuna cavab idi. Lakin potensial olaraq gözlənilən yeni hücum daha geniş miqyaslı ola və Livandakı “Hizbullah”ı cəlb edə bilər.

Məlum olduğu kimi, İranın Ali dini lideri Ayətullah Əli Xamenei və İranın digər yüksək səviyyəli siyasi və hərbi rəsmiləri İranın Haniyənin öldürülməsinə görə qisas almaq niyyətində olduğunu bildiriblər.

“Hizbullah” lideri Həsən Nəsrullah da İsrailə Beyruta endirdiyi hava hücumuna görə cavab verəcəyini vəd edib.

“Bayden administrasiyası isə İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin daha çətin ola biləcəyindən narahatdır. Haniənin qətli İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu, regionda güclü anti-İsrail əhval-ruhiyyəsi yaradıb”, - nəşr yazır.

Amerikalı rəsmilərdən biri nəşrə deyib ki, ABŞ kəşfiyyatı İranın qisas almaq üzrə olduğuna dair açıq-aşkar əlamətlər görür. İki ABŞ rəsmisi bildirib ki, iranlılara və onların əlaltılarına İsrailə hücumu əlaqələndirmək və hazırlamaq üçün bir neçə gün lazım ola bilər: "Bizi bir neçə çətin gün gözləyirik".

İsrail kəşfiyyatı da İranın İsrailə geniş miqyaslı raket hücumu edəcəyini gözləyir.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə brifinqdə bildirib ki, Yaxın Şərqdə daha geniş müharibə riski bu gün də qalmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.