Ermənistanla məxfi danışıqlar gedir? – “Bakı Paşinyanı iki ünvandan qoruyur”

4-08-2024, 07:14           
Ermənistanla məxfi danışıqlar gedir? –
Azərbaycan ilə Ermənistan arasında sülh prosesi istiqamətində danışıqlarda müəyyən durğunluq hiss olunur. Tərəflər arasında keçirilən görüşlər də daha baş tutmur. Bəzi ekspertlər iddia edir ki, bu, Bakının atdığı məqsədyönlü addımdır. Yəni əslində danışıqlar prosesi gedir, amma Nikol Paşinyan hakimiyyətinə daxildən və xaricdən təzyiq olduğu üçün proses gizli saxlanılır.

Bu iddianın əsası varmı?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan ilə Ermənistan arasında post münaqişə dövrünə aid olan problemlərin həlli istiqamətində gedən görüşlər cəmiyyətimizə, dünya ictimaiyyətinə bəllidir:

“Bizim mövqeyimiz də açıq şəkildə bəyan edilib. Biz müharibədə qalib gələn, Ermənistan isə kapitulyasiyaya uğramış tərəfdir. Müharibədən bir neçə ay sonra, 2021-ci ilin yanvar ayında Azərbaycan prezidenti Ermənistana beş baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif etdi. Daha sonra rəsmi Bakı Xarici İşlər Nazirliyi səviyyəsində beş baza prinsipi əsasında təkliflər göndərdi.

Azərbaycan açıq şəkildə Ermənistanın ərazi iddialarından əl çəkməsini, qarşılıqlı suverenliyin tanınmasını tələb edir. Əslində bu, bir qalibin tələbindən çox, qarşılıqlı bərabərhüquqlu təklifdir.

Ermənistan daxilindəki revanşist qüvvələr var və onlar hakimiyyətə təzyiq göstərirlər. Onlar gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, onların sonu gələcək. Bunlardan başqa, digər qüvvələr var ki, onlar da sülhün olmasını istəmir. Misal üçün, erməni kilsəsinin aktivliyini görürük. Erməni lobbi və diasporu da aktivlik göstərir. Çünki sülh olacaqsa, bu, artıq Qarabağ məsəlinin gündəmdən çıxması deməkdir. Bu zaman isə lobbi və diasporun da işinin bir mənası olmayacaq.

2022-ci ilin 6 oktyabr tarixində Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı keçirildi. Həmin toplantıda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Almatı bəyannaməsi və beynəlxalq hüquq çərçivəsində tanıdı. 31 oktyabrda Soçidə sənəd imzalandı. Məhz bundan sonra erməni rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə dilə gətirdi.

Bu gün proses qaldığı yerdən davam edir. Azərbaycan qətiyyətli mövqe ortaya qoyub. Hesab edirəm, bu istiqamətdə gizli danışıqlar aparılır. Azərbaycanın mövqeyi bəllidir. Amma Paşinyan ilə danışıqların təhlükəyə düşməməsi üçün danışıqların gizli aparılması istisna deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.