Moskva İrəvanın şıltaqlığına niyə dözür? - "Qərb Ermənistana daha sərt reaksiya verəcək"

4-08-2024, 09:50           
Moskva İrəvanın şıltaqlığına niyə dözür? - "Qərb Ermənistana daha sərt reaksiya verəcək"
2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyəti Serj Sarqsyandan təhvil alandan sonra Rusiyadan asılılığını azaltmaq üçün yeni hərbi, siyasi, iqtisadi diversifikasiyalar axtarmağa başladı. Səbəb isə məlum idi: Ermənistanı dövlət kimi ayaqda saxlayan, onu dövlət kimi məhv olmaq təhlükəsindən qoruyan, onun bütün sahələrinə nəzarət edən Rusiyadır. Ermənistanın həm enerji sektoru, həm dəmiryol nəqliyyat sistemi, həm də Ermənistan məhsullarının xaricə nəql edilməsinin yeganə quru yolu (Gürcüstan-Rusiya sərhədinin Yuxarı Lars məntəqəsi") bilavasitə Rusiyanın nəzarətindədir.

Üstəlik, Ermənistan iqtisadiyyatı çox böyük ölçüdə xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır ki, burada da yenə ən böyük pay məhz Rusiyada yaşayan ermənilərin üzərinə düşür. Əbəs deyil ki, Paşinyan hakimiyyətə gələndən sonra, ölkəyə hər nə qədər Qərbdən yeni tərəfdaşlar cəlb etsə də, 2021-ci ildə 2,3 milyard, 2023-cü ildə 7,3 milyard ABŞ dolları olan Rusiya-Ermənistan ticarətinin həcmi 2024-cü ilin təkcə ilk rübündə inanılmaz şəkildə artaraq 8,4 milyard dollara çatıb. Maraqlıdır ki, bir tərəfdən özünü məhz Qərbin himayəsi ilə Rusiyanın asılılığından xilas etmək istəyən Ermənistan, digər tərəfdən ticarət dövriyyəsini sürətlə artıraraq bu asılılığı daha da dərinləşdirir.

Bəs bu ziddiyyətin səbəbi nədir?

Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Oxu.Az-a açıqlamasında sözügedən ziddiyyəti Rusiya ilə Ermənistan arasındakı razılaşdırılmış gərginliyin nəticələrindən biri kimi qələmə verib:

"Yaranan geosiyasi vəziyyət və Rusiyanın Ukrayna ilə müharibədə qarşılaşdığı çətinlikləri görən Ermənistan özünə çıxış yolları və hamilər axtarmağa çalışır. Burada da sanksiyalar altındakı Rusiyanın iqtisadiyyatına lazım olan yüksək texnologiya məhsulları, hansı ki, Rusiyanın milli müdafiə sənayesi üçün də vacibdir, məhz Ermənistan üzərindən Rusiyaya ötürülür. Moskva sanksiyaları dəf etmək üçün Ermənistandan istifadə edir və belə olan halda nəzarətli gərginlik xətti, əslində, hər iki dövlətin işinə yarayır".

"Əgər Rusiya, həqiqətən də, Ermənistanla düşmən mövqeyinə qədəm qoyubsa və Rusiyadan qopub Qərbin ağuşuna atılmaq istəyirsə, birinci növbədə ölkədə Rusiya ilə müştərək olan hərbi birliklərlə bağlı açıqlama verməlidir ki, bunu da eşitməmişik. Yaxud Rusiyanın Ermənistanda 102-ci hərbi bazası var ki, onun da çıxarılmasından söhbət belə getmir və ya təhlükəsizlik bürokratiyası tamamilə Rusiyaya bağlıdır ki, bu da İrəvanın müzakirə mövzusu deyil.

Sadəcə, yaranan geosiyasi vəziyyət fonunda Rusiyanın Ermənistanı bəsləyə bilmədiyini bilən ermənilər fürsətdən sui-istifadə edərək Fransa və Amerika Birləşmiş Ştatları kimi dövlətlərdən, eləcə də erməni lobbilərindən maddi yardımlar alır, mövcud problemin öhdəsindən bu şəkildə gəlməyə çalışırlar. Ticarət dövriyyəsinin artan xətlə inkişaf edib bu həddə çatması da bundan qaynaqlanır. Çünki Ermənistan özü istehsalçı ölkə deyil. Rusiyanın ehtiyacı olan məhsulları kənardan alır və ona göndərir", - deyə alim vurğulayıb.

O, kollektiv Qərbin prosesə niyə sükutla yanaşdığını isə ikili standartlarla əlaqələndirib:

"Aydın məsələdir ki, mövzu ermənilər olanda Qərbin ikiüzlü siyasəti icra olunmağa başlanır. Erməni şirkətlərini də bu mənada sanksiya altında salmaq istəmir. Baxmayaraq ki, Türkiyə şirkətlərinə, banklarına qarşı Rusiya ilə ticarət edirlər deyə təzyiqlər artdı və onlara ciddi əngəllər yaratmağa çalışdılar, amma Ermənistana bu təzyiqlər şamil edilmir. Bu da onu göstərir ki, Rusiya və Qərb hər nə qədər bir-biri ilə geosiyasi gərginlik şəraitində olsalar da, ermənilərin himayə edilməsi prosedurunu da paralel şəkildə həyata keçirilər. Bu da açıq şəkildə göstərir ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik nəzarət altında olan, məqsədyönlü gərginlikdir. Ermənistan Rusiya əleyhinə "qırmızı xətt"i keçməyib, əksinə, iqtisadi və digər sahələrdə münasibətlər hər iki ölkənin istədiyi şəkildə dərinləşir".

Siyasi şərhçi Müşfiq Abdulla isə hesab edir ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artmasına dair faktlar ötən ilin sentyabrında ortaya çıxmağa başlayıb:

"Həmin il məlum oldu ki, iki ölkə arasında ticarət dövriyyəsi birdən-birə 7.3 milyard dollara çatıb. Bunun səbəbləri də çox keçmədən aydın oldu ki, Ermənistan və Ermənistan üzərindən Rusiyaya ixracı qadağan olunmuş malların göndərilməsi və satışı baş verir. Həmin vaxt Qərb dövlətləri Avropa ölkələrindən Ermənistana daxil olan məişət avadanlıqlarındakı mikroçiplərin Ukraynaya atılan Rusiya raketlərində aşkarlanmasına dair faktları təqdim etdilər və bu faktlar Ermənistan üzərindən Rusiyaya satışı qadağan olunan malların ixracının həyata keçirildiyini təsdiqlədi. Bu faktın ortaya çıxması Ermənistanla Qərb ölkələri və təşkilatları arasında ciddi qalmaqala səbəb oldu. Hətta ABŞ Ermənistanı sanksiyalarla hədələdi. Lakin son məlumatlar, hər şeyə rəğmən, ticarət dövriyyəsinin daha da yüksəldiyini göstərir. Bu da ondan xəbər verir ki, Ermənistanla Rusiya arasında gizli ticarət sövdələşməsi var və bu məsələ Rusiyanın maraqlarına cavab verdiyi üçün Moskva İrəvanın siyasi şıltaqlığına göz yumur".

"Doğrudur, ötən il bu məsələ daha çox Ermənistanın sabiq iqtisadiyyat naziri Vahan Kerobyanın adı ilə hallanırdı və bildirilirdi ki, o, Rusiyaya yaxın olduğu üçün sorosçuların iradəsinə zidd gedərək bu addımı atır. O zaman Qərbin də Paşinyanın qarşısında qoyduğu əsas tələblərdən biri Vahan Kerobyanı iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırmaqla bağlı idi. Lakin ötən il Kerobyan vəzifəsindən azad edilsə də, gizli ticarət əməliyyatları nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin artmasına şahid oluruq. Bu isə onu göstərir ki, problem yalnız Kerobyanla bağlı olmayıb, məsələ şəxsən Paşinyanın nəzarətindədir və o, Rusiya ilə qarşılıqlı razılaşma əsasında bu əməliyyatları həyata keçirir.

Hətta ötən il ikinci rübün ortasında Paşinyan Moskvada Rusiya prezidenti ilə görüşərkən Vladimir Putin ona ticarət dövriyyəsinin doqquz milyarda çatdığını xatırlatmış və buna görə ona təşəkkür etmişdi. Bu isə Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsindən iki dəfə çoxdur. Hazırda Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4.5 milyard dollar təşkil edir. Halbuki, Azərbaycanın iqtisadi potensialı Ermənistandan qat-qat üstündür, buna baxmayaraq, Ermənistan heç bir iqtisadi potensialı olmadığı halda Rusiya ilə arasında Azərbaycandan iki dəfə çox ticarət dövriyyəsi yaranıb", - deyə şərhçi vurğulayıb.

Müsahibimiz Qərb dövlətlərinin bundan xəbərsiz olduğunu hesab etmir:

"Müəyyən dövrdən sonra Qərb Ermənistana daha sərt reaksiyalar verəcək və hətta sanksiyalar da tətbiq edə bilər. Amma indiki halda, görünür, Qərb Ermənistanı daha çox siyasi cəhətdən öz təsir dairəsinə almaq üçün müəyyən proseslərə göz yumur".

Mərahim Nəsib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.