Ermənilərin Bakıya, Gəncəyə "qayıdışı" ilə bağlı İLGİNC AÇIQLAMA

6-08-2024, 18:38           
Ermənilərin Bakıya, Gəncəyə "qayıdışı" ilə bağlı İLGİNC AÇIQLAMA
"Toivo Klaarın Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Qarabağ erməniləri, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir.

Bəs 1 il əvvəl dünya birliyinin üzvü, müstəqil və suveren beynəlxalq subyektin ərazisində separatizmin davam etməsinə niyə susurdunuz? Niyə Qarabağ və Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdışı məsələsini qaldırmırdınız? Niyə Vardanyan və Arutyunyanın ötən illərdə azərbaycanlıları təhdid etməsi qarşılığında susmağa üstünlük verirdiniz?"
Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti nə həmin dövrə qədər, nə də həmin dövrdən sonra Qərbdəki bu kimi dairələrin obyektiv mövqeyini gördü:

"Əksinə, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr 2020- 2023-cü illər ərzində BMT TŞ-də və digər qurumlarda separatçıları və terrorçuları müdafiə edən, Azərbaycan dövlətini günahlandıran müzakirələri bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. İndi niyə Qərbdəki bu dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını düşünür?

Toivo Klaar müsahibəsində qayıdışla bağlı məsələləri 2 hissəyə ayırır. 1. Ermənilərin Qarabağa qayıdışı. Guya Azərbaycanın belə bir öhdəliyi var. 2. Ermənilərin Azərbaycanın digər hissələrinə, azərbaycanlıların Ermənistana qayıdışı".

Politoloq xatırladıb ki, vaxtilə Robert Köçəryan "azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər" deyirdi:

"Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar indi ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edirlər. Lakin onların istəkləri ilə oturub-duran olmayacaq. Nə qədər ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var, nə qədər ki, azərbaycanlılar tarixi Qərbi Zəngəzura və Göyçəyə qayıtmayıblar, iki xalq arasında yeni mərhələdən danışmaq tezdir.

Ermənilərin Qarabağa qayıdışını ayrıca qeyd etmək, azərbaycanlıların qayıdışına cavab olaraq ermənilərin Bakıya, Gəncəyə və sair məntəqələrə qayıdışı haqqında danışmaq yolverilməzdir.

Hər kəs qulağını yaxşı açıb eşitsin! Azərbaycan öz bildiyini etməkdə davam edəcək. Vaxtilə Azərbaycanı haqq mübarizəsində dəstəkləməyənlər, son 4 ildə yeni reallığı qəbul etməyənlər proseslərə müdaxilə etməsinlər. Bunun üçün onların nə mənəvi, nə institusional, nə də tarixi hüquqları var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.