Böyük təhlükə: Yaxın Şərqdə dağıdıcı müharibə başlaya bilərmi?

7-08-2024, 15:25           
Böyük təhlükə: Yaxın Şərqdə dağıdıcı müharibə başlaya bilərmi?
Ekspert: “Hər şey İran rejiminin cavabından asılı olacaq”

İsrail və İran yenidən müharibə astanasındadırlar. Yaxın Şərqdə ən barışmaz geosiyasi rəqiblər arasında bu ilin aprel ayında yaşanan qarşıdurmanın böyüməsinin qarşısını almaq mümkün olmuşdu. O zaman İsrail iranlı müşavirlərin Dəməşqdə oturduqları binaya hücum etmişdi. Nəticədə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri hava zərbəsi nəticəsində öldürülmüşdü.

Tehran buna qanadlı və ballistik raketlər, həmçinin pilotsuz uçuş aparatları zərbəsi ilə cavab verdi. Amma atılan 300-ə yaxın silahdan yalnız bir neçəsi İsraildəki hədəflərə çatdı. Raket və pilotsuz uçuş aparatlarının hücumunu dəf edilməsində İsrailin ən yaxın müttəfiqi olan ABŞ əvəzsiz yardım göstərdi.

İndi isə ABŞ və İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin avqustun 5-də Tehranda İsrailin zərbəsi ilə öldürülməsinə cavab olaraq İranın yəhudi dövlətini vuracağını gözləyirlər. Bunu ən müxtəlif mənbələr də təsdiq edir.

Avqustun 3-də Amerikanın bölgədəki qüvvələrinə cavabdeh olan amerikalı general Maykl Kurilla Yaxın Şərqə səfər edib. “Axios” yazır ki, onun səfəri əvvəlcədən planlaşdırılıb. Lakin indi məqsəd dəyişib və hərbçilər İranın mümkün hücumunu dəf etmək üçün müttəfiqlər koalisiyasını səfərbər etməyə çalışacaqlar.

“The New York Times” avqustun 2-də özəl mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə mümkün hücumu təhlükəsi fonunda Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərməyi düşünür. Artıq məlumdur ki, ABŞ Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupu, qırıcılardan ibarət eskadrilya və əlavə hərbi gəmilər göndərir. ABŞ müdafiə naziri Lloyd Ostin “USS Abraham Lincoln” təyyarədaşıyan zərbə qrupuna hazırda Oman körfəzində fəaliyyət göstərən “USS Theodore Roosevelt” təyyarədaşıyan zərbə qrupunu əvəz etməyi əmr edib. Raketdən müdafiəni təmin edə bilən Amerika esminesləri və kreyserləri də Yaxın Şərq və Aralıq dənizinə göndəriləcək.

Ehtimallara görə, Tehranın zərbəsi əvvəlki aprel ssenarisi ilə eyni olacaq. Lakin bu dəfə daha geniş miqyaslı hücum həyata keçiriləcək və hücuma Livanın Hizbullah təşkilatı da cəlb ediləcək.

Sky News Arabia-nın həmsöhbətlərinin sözlərinə görə, Tehran İsraili avqustun 12 və ya 13-də vura bilər. Yəhudilər bu tarixdə milli matəm günü olan Tişa-Be-Av (Doqquzuncu Ava) qeyd edirlər. Qüdsün Birinci və İkinci Məbədlərinin məhv edilməsi, eləcə də yəhudi tarixində bir sıra digər faciəli hadisələr həmin tarixə təsadüf edir.

Qeyd edək ki, İsrail İsmayıl Haniyənin ölümündə əli olduğunu təsdiqləməyib. Amma “The Jerusalem Post” öz mənbələrinə istinadən bunun İsrail xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu yazıb. Bu gün çoxları hesab edir ki, münaqişənin regionda genişmiqyaslı silahlı eskalasiyaya çevrilməsi riski daha yüksəkdir.

Beləliklə, bəzi mənbələr zərbənin bu günlərdə endiriləcəyini bildirilər, digərləri isə 12-13 avqust tarixini göstərirlər. Bir sözlə, gərginlik artır. İranın budəfəki zərbəsi necə ola bilər? Bu toqquşmanın Yaxın Şərqdə böyük regional müharibəyə çevrilməsi riski varmı?

Yeri gəlmişkən, unutmayaq ki, bütün Cənubi Qafqaz kimi Azərbaycan da Böyük Yaxın Şərqin bir hissəsi hesab olunur.

Məşhur israilli jurnalist və tarixçi Şimon Briman vəziyyəti Pressklub.az-a şərh edib.

Onun sözlərinə görə, münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsi təhlükəsi mövcuddur. “Hər şey İsrailin bu günlərdə gözlədiyi İran hücumunun nə qədər dağıdıcı olmasından asılıdır. Əgər fanatik ayətullahların əmri ilə raket hücumu israillilər arasında böyük itkilərə səbəb olsa, o zaman TSAXAL-dan daha kəskin reaksiya gələcək - İran daxilində mühüm strateji hədəflərə hücumlar həyata keçiriləcək. Bu halda Bayden administrasiyası “yox” desə belə, İsrail səssiz qalmayacaq”, - ekspert qeyd edib.

O hesab edir ki, əgər məsələ bu ilin aprelin 13-də olduğu kimi, İranın bütün raket və pilotsuz təyyarələrinin İsrailə yaxınlaşmazdan əvvəl vurulması ilə məhdudlaşacaqsa, o zaman böyük miqyaslı müharibə şansı daha az olacaq.

“Ona görə də, hər şey İran rejiminin adekvatlıq dərəcəsindən asılıdır – “İslam inqilabı”nın liderləri İsraillə böyük müharibəyə indi başlamaq istəyəcəklərmi? Amerika istər-istəməz belə bir müharibəyə girəcək (daha doğrusu, öz iradəsinə zidd olaraq cəlb olunacaq). Prezident seçkilərinə 90 gün qalmış Bayden administrasiyası kənarda qala bilməyəcək - amerikalı seçicilər kütləvi şəkildə İsraili dəstəkləyir və Pentaqondan ABŞ-ın regiondakı əsas müttəfiqini müdafiə etməyi tələb edəcəklər. Hazırda israillilər İranın hücumuna qarşı evlərinin zirehli-beton otaqlarında bütün lazımi hazırlıqları görərək adi həyatlarını davam etdirirlər. Ordumuz bu hücumu dəf etməyə tam hazırdır. Artıq ABŞ-ın göyərtəsində 60 təyyarə olan “Teodor Ruzvelt” aviadaşıyıcı gəmisi, eləcə də ən son təyyarələrindən ibarət əlavə eskadrilyası regionumuza gəlib. Gözləmə vaxtı istənilən dəqiqə bitə bilər. İsrailin İranın hücumunu dəf etməkdən başqa çarəsi yoxdur. Məşhur İsrail mahnısında deyilir: “Torpağım ayağımın altında yansa da, mənim başqa ölkəm yoxdur”, - Birman yekunlaşdırıb.

Rauf Orucov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.