“Məmurlarımızın İngiltərədə elə mülkləri var ki, onu satıb Qarabağda bir kənd tikmək olar” - REAKSİYA

7-08-2024, 15:53           
“Məmurlarımızın İngiltərədə elə mülkləri var ki, onu satıb Qarabağda bir kənd tikmək olar” - REAKSİYA
Azərbaycanda bəzi məmurların müxtəli zamanlarda əldə etdikləri qanunsuz pulları bir sıra xarici ölkələrə, xüsusilə də Böyük Britaniyaya daşıdığı, bu ölkədə özlərinə bahalı mülklər aldığı heç kimə sirr deyil. Hansı ki, bu mülklərin bəzisi zamanla İngiltərə hökuməti tərəfindən müsadirə olunmaqda, Britaniya büdcəsini zənginləşdirməkdədir.

Qeyd edək ki, bugünlərdə ölkə mediasında Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun İngiltərə dövlətinin xeyrinə müsadirə olunmasına razılıq verməsi ilə bağlı məlumatlar yayılıb.

Maraqlıdır, məmurlarımızın xaricə daşıdığı milyonları geriyə qaytarmaq, həmin vəsaiti Qarabağın bərpasına sərf etmək mümkündürmü?

Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu istiqamətdə müəyyən addımlar atmağın mümkünlüyünü bildirib:

“Məmurlarımızın qanunsuz yolla əldə edərək xaricə daşıdığı pulları, eləcə də xarici ölkələrdəki bahalı mülkləri müsadirə etmək üçün Azərbaycanla həmin ölkələr arasında hansısa hüquqi razılaşma, müqavilə və ya pakt olmalıdır. Tərəflər qarşılıqlı şəkildə üzərlərinə götürməlidirlər ki, digər tərəfin vətəndaşı onun ölkəsində daşınmaz əmlak alsa, o zaman bu barədə qarşı tərəfi məlumatlandıracaq. Bu, həmin vəsaitin qanuniliyinin, mənbəyinin müəyyən edilməsi baxımından da vacibdir. Lakin İngiltərə bu barədə heç bir dövlətə məlumat vermir. Buna görə də Yaxın və Orta Şəq ölkələrindən çoxlu sayda insan bu ölkədə bahalı mülklər satın almaqla öz qanunsuz sərvətini qorumağa çalışır. İngiltərə isə müəyyən zaman keçdikdən sonra həmin mülklə bağlı araşdırma başladır və bunu dövlətin xeyrinə müsadirə edir. Bu siyasət İngiltərəyə böyük pullar qazandırır.

Azərbaycandan da xeyli şəxsin İngiltərədə daşınmaz əmlaka malik olması ilə bağlı ölkə mediasında zaman-zaman müxtəlif məlumatlar yayılıb. Bizim bəzi məmurların İngiltərədə elə mülkləri var ki, həmin mülkü satmaqla Qarabağda bir kənd tikmək mümkündür. Bu baxımdan həmin mülklərlə bağlı dövlətimiz tərəfindən müvafiq araşdırılmaların aparılması, onların dövlətimizin xeyrinə müsadirə edilməsi və əldə edilən vəsaitin Qarabağın bərpasına sərf edilməsi arzuediləndir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.