Təhlükəsizlik, yoxsa fəlakət: ABŞ hərbi təyyarəsi Ermənistana nə gətirib?
8-08-2024, 10:44
Hərbi ekspert vurğulayıb ki, ABŞ Ermənistana verdiyi radiolokasiya stansiyaları vasitəsilə İran ərazisindəki hava hücumundan müdafiə vasitələrinin, pilotsuz uçuş aparatlarının, hərbi təyyarələrin fəaliyyətini müşafidə etmək niyyətindədir.
"Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boinq C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanından çıxarılması ilə paralel olaraq sərhəd nəzarətinin lazımi şəkildə həyata keçirilməsi üçün əlavə qüvvələr cəlb edib.
Rusiya sərhədçilərinin Zvarnotsu tərk etməsi fonunda ABŞ hərbi təyyarəsinin Ermənistana gəlişi önəmli hadisədir. Ekspertlər bildirir ki, aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Bəs bunun regionumuz üçün hansı fəsadları ola bilər?
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyir ki, 5 apreldə ABŞ, Ermənistan və Avropa İttifaqı arasında hərbi paktın imzalanmasından sonra ABŞ Ermənistana, o cümlədən Zəngəzura daxil olmaqdadır:
"Yalnız avqustun 2-3-ü tarixlərində deyil, daha əvvəl də biz ABŞ hərbi hava qüvvələrinə məxsus hərbi yük təyyarələrinin Ermənistana daxil olmasını qeydə almışıq. Bu onu göstərir ki, Ermənistan ABŞ və Fransanın intensiv dəstəyi altında Azərbaycana qarşı təxribatlara hazırlanır. Bu təxribatların eskalasiyaya çevirilməsi ehtimalı da böyükdür".
Hərbi ekspert onu da vurğulayıb ki, ABŞ Ermənistan ərazisindən yəni, Qərbi Zəngəzurdan Ermənistana verdiyi radiolokasiya stansiyaları vasitəsilə İran ərazisindəki hava hücumundan müdafiə vasitələrinin, pilotsuz uçuş aparatlarının, hərbi təyyarələrin fəaliyyətini müşafidə etmək niyyətindədir:
"Başqa sözlə desək, ABŞ və Fransa tarixi Azərbaycan torplaqlarında Ermənistanı daha böyük fəlakətlərə sürükləmək üçün əllərindən gələni edirlər. Ermənistan tərəfinə isə xatırlatmaq yerinə düşər ki, Azərbaycana qarşı təxribat törətdikləri ərazilərdə Azərbaycan ordusu yerləşə bilər. Bunun üçün kifayət qədər potensialımız var. Ermənistan ehtiyyatlı olmalıdır ki, tarixi Azərbaycan torpağında Silahlı Qüvvələrimizin hərbi paradı ilə qarşılaşmasın".
Politoloq İlqar Vəlizadə hesab edir ki, regional təhlükəsizlik sisteminin qurulmasına mane olan qüvvələr var:
"Regional təhlükəsizlik sisteminin qurulmasında region ölkələri iştirak edir, onların münasibətləri fərqli və ziddiyətli ola bilər. Ancaq onlar regional sabitlik üçün bu prosesdə iştirak etməlidirlər. Regiondan kənar ölkələrin isə ən axırıncı məqsədləri regional təhlükəsizliyi təmin etmək ola bilər. Onlar öz maraqları üçün hərəkət edirlər. Qeyri-region ölkələri öz düşündükləri kimi regionda ziddiyyətlər yaradırlar. Ermənistan regional təhlükəsizlik sistemində ən zəif bənddir. Onlara elə gəlir ki, öz təhlükəsizliklərini təmin edə bilmədikləri üçün mütləq kənardan dəstək almaqla buna nail ola bilərlər. Ancaq bu yanlışdır. Çünki xaricdən gələn dəstək Ermənistanın yox, həmin dəstək göstərənlərin öz maraqlarına xidmət edir. Siyasi savadı olmayan, strateji baxışları olmayan Ermənistan siyasi rəhbərliyi bunu başa düşmür. Onlar xarici ölkələrə regionda öz maraqlarını icra etmək üçün meydan verirlər".
Politoloq onu da qeyd edib ki, bizim regionumuzda Ermənistana dəstək göstərən Qərbin əsas niyyəti Rusiya və İrana qarşı addımlar atmaqdır:
"Onlar Ermənistandan alət kimi istifadə edərək İran və Rusiya əleyhinə təbdirlər görürlər. Qərbin regionumuzdakı mövcud addımları Azərbaycanın da maraqlarına ziddir. Çünki bu addımlar Ermənistanın revanşist qruplarının dəyirmanına su tökür. Onlar bu hərbi yardımlardan bəhrələnib, Azərbaycana qarşı istifadə etmək niyyətindədirlər. Son hadisələr də onu göstəri ki, Ermənistan bu proseslərdə alət rolunu oynayır. Bütün hallarda bu regional təhlükəsizliyə risklər yaradır. Bu hadisələr Rusiya hərbçilərinin Zvornots aeroportundan çıxırılması, Şoyqunun regiona səfəri və İran ətrafındakı gərginlik fonunda baş verir. Bütün bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır."