RUSİYA SONUNCU ÜMİDİNİ DƏ İTİRİR – Azərbaycan və Ermənistan razılığa gəlib

9-08-2024, 09:24           
RUSİYA SONUNCU ÜMİDİNİ DƏ İTİRİR – Azərbaycan və Ermənistan razılığa gəlib
Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması məsələsinin sülh razılaşmasından çıxarılması, buna daha sonra qayıdılması barədə ilkin razılaşma Rusiyanı ciddi şəkildə narahat edib.

10 noyabr bəyanatını qüvvədə saxlayan yeganə məsələ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarəti altında Azərbaycanın əsas hissəsindən Naxçıvana yolun açılması idi. Azərbaycanın öz ərazilərinə nəzarəti tam bərpa etməsi, Rusiya ordusunun ölkəni tərk etməsi ilə Bəyannamənin qalan bütün maddələri ya icra olunub, ya da əhəmiyyətini itirib. Ermənistan və Qərb Zəngəzur dəhlizinin bu şərtlər altında açılmasına qarşıdır, İran ümumiyyətlə bu yolun hər hansı formada açılmasını istəmir.

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Tehrandan Bakıya buna görə tələsik gəlmişdi. Bakıda onun əsas bəyanatı bu oldu ki, 2022-ci il 22 fevralda Moskvada imzalanmış “Müttəfiqlik və qarşılıqlı yardım haqqında Bəyannamə”yə əməl etmək lazımdır. Yəni hər iki ölkə bir-birinin maraqlarına qarşı addım atmamalıdır.

Politoloq Zaur Məmmədov bildirir ki, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xətləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıblar. Ekspert xatırladır ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi: “Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-də baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edilib. Rusiya Üçtərəfli Bəyanatda göstərildiyi kimi özü tərəfindən yola nəzarət edilməsini istəyir. S.Şoyqunun Bakıda “kommunikasiya xəttlərinə Qərbi buraxmaq olmaz” kimi ismarıcları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağlı təklifə cavab olaraq verilib”.

Politoloq vurğulayıb ki, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başadüşüləndir. “Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya - nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır”, - o əlavə edib.

Z.Məmmədov vurğulayıb ki, hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.