Vergi ödəyicisinin maliyyə sanksiyası məbləğini ödəməmək hüququ - Ali Məhkəmənin mövqeyi...

9-08-2024, 15:24           
Vergi ödəyicisinin maliyyə sanksiyası məbləğini ödəməmək hüququ - Ali Məhkəmənin mövqeyi...
AR Vergi Məcəlləsinin 63.2-ci maddəsinin (Vergi ödəyicisinin maliyyə sanksiyası məbləğini ödəməmək hüququ) məhkəmə təcrübəsində düzgün tətbiqi üzrə Ali Məhkəmənin mövqeyinə dair
Təcrübədə görürük ki, Vergi orqanı vergi ödəyicisinin vergi borcu ilə əlaqədar müvafiq Qərar qəbul edərkən vergi borcunun 50 faiz məbləği nisbətində də maliyyə sanksiyası tətbiq edir və bəzən tələbnamə (5 gün), bildiriş (30 gün) müddətini gözləmədən, bəzən də vergi ödəyicisinin vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verməsi müddətini gözləmədən Qərarda göstərilmiş vergi borcu ilə birgə ona hesablanmış maliyyə sansksiyası məbləğini də vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silir.
AR Vergi Məcəlləsinin 63-cü maddəsi Vergi orqanında şikayətə baxılma hissəsinə ayrılmışdır. Həmin maddənin 63.2-ci maddəsində qeyd edilir ki, Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Eyni zamanda qeyd edilir ki, Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.
Yəni Vergi orqanı vergi borcu ilə əlaqədar müvafiq Qərar qəbul edərkən vergi borcunun 50 faiz məbləği nisbətində hesabladığı maliyyə sanksiyası məbləğini silə bilməz və silinməsi ilə bağlı hər hansı sərəncam qəbul edə bilməz, o halda ki, vergi ödəyicisi Vergi orqanının Qərarından müvafiq qaydada inzibati və ya məhkəməyə şikayət vermişdirsə.
Bu maddənin tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin Vergi orqanı tərəfindən düzgün silinməmiş maliyyə sanksiyası məbləğinin onların şəxsi hesab vərəqəsində bərpa edilməsinə dair iddialar üzrə məhkəmələrin (inzibati və apellyasiya) fərqli mövqeləri olmuş, bəzən iddianı mümkün saymamış, bəzən də iddianı rədd etmişlər.
Belə ki, məhkəmələr (inzibati və apellyasiya) qeyd etmişdir ki, Vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergilərə görə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği vergi ödəyicisinin hesabından deyil, dövlət büdcəsinə artıq ödədiyi vəsait hesabına icra edilir ki, bu hal vergi ödəyicisinin Vergi Məcəlləsinin 63.2-ci maddəsi ilə müəyyən edilmiş hüququnu pozmuş olmur və bununla bağlı Vergi orqanı tərəfindən hər hansı sərəncam qoyulması və ya digər ayrıca tədbir həyata keçirilməsi baş vermir.
Məhkəmələr (inzibati və apellyasiya) həmçinin vurğulamışdır ki, iddiaçının Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və hallarda müddət meyarlarına da riayət edilməklə vergi ödəyicisi kimi artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bununla bağlı isə, ayrıca müraciət üzrə inzibati icraat aparılmalıdır.
Qeyd olunan problemin və düzgün tutulmayan vergi borcu ilə əlaqədar yeni məhkəmə mübahisələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi öz müvafiq Qərarı ilə buna tamamilə əks yəni vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüququnu müdafiə edən münasibət bildirmişdir.
Belə ki Ali Məhkəmə öz Qərarında qeyd etmişdir ki, vergi ödəyicisi Qərardan şikayət verənədək və ya onun şikayətinə baxılan müddətdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən Qərarda nəzərdə tutulmuş maliyyə sanskiyası məbləğinin Vergi orqanı tərəfindən silinməsi vergi ödəyicisinin Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş hüququnu pozur.
Eyni zamanda Ali Məhkəmə Qərarında bildirmişdir ki, Vergi ödəyicisindən ona məxsus konkret olaraq X maliyyə sanksiyası məbləğinin silinməsinin və ya bunun hansı üsulla silinməsinin (banka qoyulmuş sərəncamla, tələbnamə ilə və ya şəxsi hesab vərəqəsindən büdcəyə silinməsi) vergi ödəyicisi üçün fərqi yoxdur və onun maraqlandırmır. Ona görə də Ali Məhkəmənin kollegiyası Vergi orqanının həmin hərəkətini Vergi Məcəlləsinin 63.2-ci maddəsinin pozulması kimi qiymətləndirir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin bu mövqeyi həqiqətəndə qanunvericiliyə tam uyğundur və artıq inzibati məhkəmələrdə bu mövqeyə uyğun qərarlar qəbul edilir.
Belə ki, inzibati məhkəmələr vergi ödəyicisinin şikayətinə baxılma müddətində ona tətbiq edilmiş maliyyə sanksiyası məbləğinin silinməsini Vergi Məcəlləsinin 63.2-ci maddəsinin pozuntusu kimi tanıyır və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmiş maliyyə sanksiyası məbləğinin onun şəxsi hesab vərəqəsində bərpa edilməsi üzrə Qərarlar qəbul edir.
Elkhan A. Askarov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.