Amerika Zəngəzurda nə axtarır?
10-08-2024, 10:38
Bölgədə gedən qlobal oyunlar yeni mərhələdə
Zəngəzur mövzusu yenidən aktuallaşıb. Həm Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları prosesində, həm də qərbin və qonşu dövlətlərin regiondakı maraqları kontekstində.
İranın ali rəhbəri Seyid Əli Xamneyinin “Zəngəzur” dəhlizi ilə bağlı açıqlamasında sonra mövzuya dair daha iki yeni xəbər yayıldı.
Birinci məlumatda bildirilirdi ki, “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından qalxan iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına enib. Həmin təyyarələrdə hərbi texnika, sursat və şəxsi heyətin gətirildiyi bildirilir. Gətirilən yük və şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
İkinci məlumata görə, Azərbaycan və Ermənistan rəhbərliyi nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın digər hissəsini Naxçıvanla birləşdirən marşrutların razılaşdırılması sülh müqaviləsi layihəsinin mətnindən çıxarılıb.
İranla bağlı məsələ aydındır, onlar bu məsələdə hər zaman olduğu kimi həssas və açıq ermənipərəst mövqedə olduqlarını gizlətmirlər. Kommunikasiyalarla bağlı qərar da Bakı ilə İrəvan arasında birbaşa aparılan danışıqlar nəticəsində verilib.
Maraqlı olan ABŞ hərbi texnikasının və azsaylı da olsa, kontingentinin Zəngəzurda yerləşdirilməsi barədə deyilənlərdir. Sülh razılaşmasının “an məsələsi” olduğunu, “ən yaxın müddətdə imzalana biləcəyini” az qala hər gün bəyan edin Vaşinqtonun bölgədə hərbi iştirak cəhdi nədən xəbər verir? Slüh danışıqlarında vasitəçilik etməyə can atan, özünü neytral platforma kimi təqdim edən ABŞ-nin Ermənistanı silahlandırmaqda məqsədi nədir? Bu addım İranın mümkün hərbi eskalasiyasına qarşı nəzərdə tutula bilərmi? Yaxud, başqa sual: İrandan hər cür dəstək alan Ermənistanın öz ərazisindən İrana qarşı istifadə edilməsinə hansı şərtlərlə razılaşması mümkündür? Ermənistanın bu qlobal oyunları Cənubi Qafqaz bölgəsinə çəkib gətirməsi bölgədə hansı vəziyyəti yarada bilər?
Hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, bu, mürəkkəb məsələdir, çünki sülh deyilən zaman tərəflər bunu fərqli qəbul edir və fərqli anlayır. O, Pressklub.az-a açıqlamasında belə deyib: “Söhbət böyük dövlətlərdən və regional liderlərdən gedir. Hər tərəf sülhü öz maraqlarına uyğun görür və istəyir. O cümlədən də ABŞ. Bəli, sülhün tərəfdarıdır, amma istəyir ki, sülhə özü başçılıq etsin, ayrı ölkələri, ilk növbədə İranı, Çini və Rusiyanı bu regiona yaxın buraxmasın. Ona görə də həm sülhdən danışır, həm də tərəflərdən birini silahlandırır. Mən inanmıram ki, ABŞ Ermənistanın ərazisindən İrana qarşı istifadə etsin. Paşinyan çalışır ki, bir neçə mərkəzə arxalansın. Bu gün Ermənistana kömək edə bilən və buna imkanı olan dövlət İrandır. Ona görə də Paşinyan ABŞ-nin bu istəyinə razılıq verməz”.
Ekspert xatırladır ki, dünyada ən böyük ABŞ səfirliyi İrəvandadır. Orada 2 minə yaxın insan çalışır. ABŞ-nin Ermənistanı İrana qarşı istifadə etməsi isə kəşfiyyat məqsədi daşıyır, çünki Ermənistan İrana yaxın və qonşu olan ölkədir. Bu isə sadəcə versiyadır, əlimizdə sübut yoxdur. Aydındır ki, həmin böyük səfirlik digər işlərlə bərabər, kəşfiyyat işləri də aparır.
“Əlavə olaraq Ermənistanda o qədər kəşfiyyatçıları saxlamağın mənası yoxdur. Deməli, ABŞ fərqli məqsədlər güdür. İndiki yaranmış vəziyyət sülhü ləngidir. Bəlkə də tam əksinə, sülhə şərait də yarana bilər. Çünki ABŞ kimi bir dövlət bu işə qoşulubsa, bu prosesdə hansısa dəyişikliklər olacaq. Amma indi yox, noyabrdan sonra. Azərbaycan ilə Ermənistan arasında hərbi münaqişə riski çox deyil. İnanmıram ki, ABŞ ordusu Azərbaycana qarşı Ermənistanın maraqları üçün istifadə olunsun. ABŞ regionda təsirini çoxaltmaq istəyən dövlətlərə nümayiş etdirir ki, buradayıq” – deyə, İsazadə bildirdi.
Digər müsahibimiz - politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ böyük dövlət və dünya gücü kimi marağı olduğu bütün bölgələrdə təmsil olunmağa çalışır və onun Cənubi Qafqazda da təmsil olunması təəccüblü olmamalıdır. Xüsusilə də İranla qonşu ölkələrdə təmsil olunmaq ABŞ üçün böyük əhəmiyyətə malikdir. Bu prosesə region ölkələrinin müqavimət göstərmək imkanları həm məhduddur həm də zərərli ola bilər. Ona görə də qərarlar siyasi reallıqlara uyğun verilməlidir: “Rusiyanın qlobal siyasətdəki təsiri azalır və azalacaq. Bu zaman isə ABŞ və digər böyük güclər Rusiyadan sonra boşalan bölgələrdə güclənəcəklər. İranın bu prosesə qarşı çıxmaq imkanı yoxdur. Ona görə də regionda hansısa hərbi qarşıdurma gözlənilmir. İran ABŞ ilə müqayisədə qüvvələr nisbətinin onun ziyanına olduğunu bilir və buna görə qarşıdurmadan yayınır. Bundan sonra isə bu tendensiya daha da güclənəcək”.
Ekspert deyir ki, Ermənistan Rusiyanın güc itirdiyini görür və buna görə, sürətlə xarici siyasət vektorunu dəyişir. Ermənistan Rusiyanın zəifləməsi ilə ABŞ-nin daha da gücləndiyini görür və buna görə güclünün yanında da yer almağa çalışır və bunu öz təhlükəsizliyini təmin etmək istəyi ilə izah edir. Sadəcə olaraq, Azərbaycan doğru siyasət aparmalıdır. Əks halda, dünyada və regionda dəyişən reallıqlardan zərər görə bilər.
Mədinə Useynova
pressklub