Bu içkilər öldürür - Amma yenə də içirik və “bəh-bəhlə” reklam edirik...
10-08-2024, 16:24
Mütəxəssislərin enerji içkilərinin insan sağlamlığını təhdid etməsi ilə bağlı fikirləri birmənalıdır. Amma nədənsə bütün dünyada bu qədər zərərləri olan içki çox geniş yayılıb. Hər yerdə həmin içkilərin reklamı ilə qarşılaşmaq mümkündür.
Narkoloq-həkim Asif Kəngərlinin TNS-ə verdiyi məlumata görə, bu içklərin tərkibinə elə maddələr qatılır ki, içənlər ondan ayrıla bilmir: “Gün ərzində 7-8, 10-12 ədəd enerji içkisi içənlər var. Bu cür insanlara düşmən lazım deyil. Onlar özlərinin düşmənidirlər. İçkinin üstündə “qanadlandırır” yazılır. İnsanı nə “qanadlandıra” bilər? Narkotikdən başqa, insanı heç nə “qanadlandıra” bilməz. Demək ki, energetik içkinin narkotik olduğu etiraf edilir”.
Həkim-kardioloq, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov siqaretlə yanaşı, eneji içkilərini insan orqanizmi üçün yeni bəla hesab edir. Həkim TNS-ə bildirib ki, bu içkidən istifadə edənlər arasında ölümcül hala düşən, ölənlər olur: “Bu içkilərdən ölümcül aritimiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də həyəcan təbili çalınmalıdır. Müxtəlif adlar altında istehsal olunan eneji içkilərinin zərərlilik baxımından heç fərqi yoxdur. Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir, hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır. Bu içkilərin fantastik dərəcədə satışı mövcuddur. Bəzi insanlar hətta alkoqollu içkilərlə birlikdə içir. Bu məsələ ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Əgər bu şəkildə davam edərsə, gələcəkdə ölümlər qaçılmaz olacaq”.
Qida Təhlükəsizliyi Agentliyinin bu içkilərlə bağlı məlumatında bildirilir ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilir: “Enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz olaraq satılır. Kofein fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində ≤400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. Avstraliyada tərkibində 320 mq-dan çox kofein miqdarı olan 5 enerji içkisi qadağan olunub. ABŞ-də enerji içkilərinin tərkibindəki kofein miqdarının 200 mq-dan az olması daha təhlükəsiz sayılır. Gün ərzində enerji içkisinin normadan artıq qəbulu orqanizmdə kofein miqdarını artırması səbəbindən təhlükəli ola bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
- məhsulu alarkən onun tərkibi ilə tanış olun;
- bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır;
- enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər”.
Enerji içkilərinin zərərləri ilə bağlı kifayət qədər mütəxəssis fikirləri sadalamaq olar.
Təəssüf ki, bu materialların əhəmiyyəti az olur.
Hər hansı marketdə kassa növbəsində dayanıb müşahidə aparmaq mümkündür. Xüsusilə, gənc kişilər səbəti enerji içkisi ilə dolu gəlir.
Ya da yolda sürücülər qəzet köşklərinin, marketlərin qarşısında maşını saxlayır, enerji içkisi alır. Hətta bu içkilərin uşaqlar üçün variantları çıxır ki, zərərsiz adı ilə satılır. Yəni, böyük-kiçik hamımız içirik. “Alkoqol, siqaret zərərlidir”, - deyilir və reklamı qadağan olunur. Enerji içkilərinin reklamı isə hər yerdədir. Əxlaqsızlığı təbliğ etməkdə bir-biri ilə yarışa girən verilişlərin sponsoru kimi qarşımıza çıxır. İdmanda uğur qazanan bir idmançının uğurunun səbəblərindən biri kimi təbliğ olunur. Belə olan halda, hansısa həkimin bu barədə danışdıqları heç kimin yadına düşmür.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) TNS-ə verilən açıqlamaya görə, qanunvericilikdə enerji içkilərinin reklamının qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Bu baxımdan ADRA həmin reklamların açıq məkanda yayımlanmasına qadağa qoya bilmir. Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların açıq məkanda yayımlanmasının qarşısının alınması diqqətdə saxlanır. Amma bu, yalnız tövsiyə xarakteri daşıyır və qanunvericilik yol vermədiyinə görə hər hansı məhdudiyyətdən söhbət gedə bilməz”.
Onu da qeyd edək ki, Agentlik yalnız açıq məkanlarda olan reklamlara nəzarət edir. Televiziya, sayt və s. reklamlar qurumun səlahiyyətinə aid deyil.
Sonda onu da qeyd edək ki, 2020-ci ildən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.