Bizdə turisti elə hala salırlar ki... bir də səfər etməyə HALI QALMIR! - FAKT BUDUR!

10-08-2024, 10:48           
Bizdə turisti elə hala salırlar ki... bir də səfər etməyə HALI QALMIR! - FAKT BUDUR!
Hər yay fəslində vətəndaşlarımız büdcəsinə uyğun istirahət etmək üçün bölgələrimizə üz tutur. Hamı çalışır ki, gəzsin, görsün, yeyib içsin. Bu il bölgələrdə xidmət o qədər bahadır ki, sadəcə qiymət soruşub və yaxud tələb etdiyin menyuya baxıb, qalxıb getməli olursan. Məsələn; menyuda kababın bir şişi 8 manata qeyd edilib. Bir şişdə cəmi iki tikə yer alır. Bu da açıq-aydın soyğunçuluq deməkdir. Bəllidir ki, turizm sektorunda olan bəzi kiçik sahibkarların bir məqsədi var, "nəyin bahasına olursa olsun, daha çox qazanmaq"…
ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov Bizimyol.info xəbər portalının "daxili turizmin inkişaf etməsi üçün nə kimi təklifləriniz var?" sualına cavab olaraq bildirib ki, öncə turizm sektorunda baş alıb gedən qiymət anarxiyasına son qoyulmalıdır.

ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov
“Baxın, qardaş Türkiyədə hər il inflyasiya ilə əlaqədar hotellər qiymətləri kəskin surətdə qaldırırdılar. Nəticədə bu il, Bodrum demək olar ki, boş qaldı. Nəinki xarici turistlər Bodruma gəlməkdən imtina etdilər, hətta yerli turistlər də kütləvi şəkildə Bodrumun qarşı tərəfinə - Yunanıstana üz tutdular. Ölkəmizdə hotel və istirahət mərkəzlərinin qiymət siyasəti dəyişməsə bizi də Bodrumun vəziyyəti gözləyir”-deyən Bahadur Bilalov hesab edir ki, ölkəmizin turizmə yararlı bölgələri haqqında marifləndirmə məsələsi çox zəifdir.

Ekspert maraqlı bir məsələyə diqqət çəkib: “Bildiyiniz kimi, bu yaxınlarda ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində yeni bir qurum - Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb. Nəzərdə tutulub ki, “Mərkəz Azərbaycan Respublikasında turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir”. Yada salmaq istəyirəm ki, hələ 2008-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilmiş, nəzərdə tutulmuşdu ki, ölkəmizdə turizm və rekreasiya zonaları yaradılacaq. Fərmanla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” 1 avqust 2016-cı ildə qərarar qəbul etmişdi. Çox təssüflər olsun ki, zaman keçsə də, əlaqədar qurumlar öhdələrinə düşən vəzifəyə əməl etmədilər. 2024-cü il avqust ayının 2-də ölkə Prezidentinin fərmanı ilə yeni nümunəvi Əsasnamə təsdiq edilib. Düşünürəm ki, yeni Mərkəz onun qarşısına qoyulan vəzifələrə layiqincə əmək edəcək”.

Dosent qeyd edib ki, bizim xidmət sektorunda fəaliyyət göstərən bəzi işadamları uzunmüddətli strategiyaya malik deyil. Sanki hamı elə hesab edir ki, “gələn müştəri sonuncudur və onun cibini soymaq lazımdır”.

“Baxın, KİV-lərdə məlumat yayıldı ki, Şuşada çay üçün 32 manat tələb edilir və ya Qubada ağac kölgəsində dincəlmək istəyən xarici turistdən pul tələb edilir. Hava limanından şəhərə gələn turistdən taksi sürücüsü 100 dollar alır və s.

Sizə maraqlı bir hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda şəhərin mərkəzində “Balıqçı” restoranı açılıb. Görkəmli sənətkarlarımız Alim Qasımov və Ədalət Şükürov restoranın reklamında iştirak edib və tərif yağdırıblar. Dostumla balıq yemək üçün həmin restorana getmək qərarı verdik. Əlaqə nömrələrinə zəng vuranda bildirildi ki, bəs müştəri çox olur, öncədən masanı rezerv etmək lazımdı. Etdik və getdik. Məlum oldu ki, restoranda cəmi 2 masa doludur. Bizim masamız hansıdır sualına-haranı bəyənirsiz əyləşə bilərsiz cavabını aldıq. Menyu təqdim edildi və məlum oldu ki, saytlarında göstərilən menyu ilə real menyu arasında fərqlər var. Bir neçə yemək adı desək də, onların olmadığı bildirildi. Sonda cəmi 2 porsiya nərə balığı kababı və 1 porsiya can əti qovurması və 1 butulka ağ meysəri şərabı sifariş etdik. Sonda hesab 170 AZN etdi. İndi bildinizmi ki, restoran niyə boş qalır?”-deyə Bahadur Bilalov qeyd edib ki, insanlarımızın düşüncə tərzinin dəyişilməsinə ehtiyac var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.