Fars rejimi ilə İranı daxildən və xaricdən saran nəhəng türk faktoru arasındakı hesablaşma finala doğru yaxınlaşır

11-08-2024, 11:04           
Fars rejimi ilə İranı daxildən və xaricdən saran nəhəng türk faktoru arasındakı hesablaşma finala doğru yaxınlaşır
Namiq Bilal
İran türkləri üzərində fars hakimiyyətinin nə qədər böyük basqı qurduğu aşkar faktdır. Türk bölgələri iqtisadi ayrı-seçkiliyə məruz qalaraq problemlər içində boğulur, mərkəzi KİV-lərdə türklər mütəmadi olaraq ən alçaldıcı şəkildə təhqir olunurlar.

Amma birdən "möcüzə" baş verdi, "anam da atam da türkdür, evimdə uşaqlarımı farsca danışmağa qoymuram" deyən Pezeşkian prezident oldu. İranda millət vəkili, nazir, xususilə də prezident olmaq üçün fars idarəçilərinin nə qədər çətin və qaranlıq süzgəcdən keçməyinin vacibliyini bilirik. Maraqlıdır "türkçü" Pezeşkian bu süzgəcdən keçə bildimi?

Fikrimcə, bu "möcüzənin" iki böyük əhəmiyyətli səbəbi var:

Birinci səbəb Şərqi Avropadan Sibir çöllərinə, Çinə qədər, Tatarıstan və Başqırdıstandan Əfqanıstan və Pakistan dağlarına qədər çox geniş ərazilərdə türkçülük ideologiyasının yüksəlişidir. Bir-birindən ayrı salınmış, parçalanmış, adları, əlifbaları dəyişdirilmiş türk xalqları türk kimliyinə qayıdırlar. Bu, heç şübhəsiz ki, müasir dünyanın ən möhtəşəm ideoloji qalxınmasıdır. Başqa millətlərin milli ideyalarının zəiflədiyi və ya iflasa uğradığı bir vaxtda türkçülük milli ideyası tarixinin bəlkə də ən böyük yüksəlişinin başlanğıcındadır.

Bu təlatüm İrandan da yan keçə bilməz. Türklərin sayı İranda hakim fars millətinin sayından əhəmiyyətli dərəcədə çoxdur.

Digər tərəfdən, Azərbaycanın bütün əzbərləri pozan Qrabağ zəfəri İran türklərində çox ciddi özünə inam yaradıb. İrandakı türk oyanışı Azərbaycan və Türkiyə siyasətçiləri tərəfindən də alovlandırılır.

Prezident Ərdoğanın “Arazı ayırdılar” şərhinin və Prezident Əliyevin “İrandaki 40 milyon Azərbaycan türkünün ana dilində məktəbi yoxdur” tələbinin İran türklərində hansı coşqunu yaratdığını təsəvvür etmək belə çətindir. Bu coşqunu fars hakimiyyəti də görür, və tədbir almaq məcburiyyətindədir.

“Mən türkəm və uşaqlarımı farsca danışmağa qoymuram” deyən adamın prezidentliyə gətirilməsi də həmin o tədbirlərdəndir. Türkün gözünə kül üfürülür, türklərə “nə istəyirsiniz, prezident də türkdür, bura elə sizin öz dövlətinizdir” mesaji verilir.

Mövcud şərtlər daxilində Prezident Pezeşkianın fars rejiminə deyil, türkçülüyə xidmət edəcəyi mümkünsüz görünür. Amma tarix çox çətin elmdir və çox mümkünsüz görünənlər sonradan mümkün olub.

Fikrimcə, Pezeşkianın prezidentliyə gətirilməsinin ikinci səbəbi Yaxın Şərqdə gözlənilən hərbi-siyasi təlatümlərdir. Bu cografiyada hadisələr çox sürətlə inkişaf edir, vəziyyətin nəzarətdən çıxması ehtimalı hər keçən gün artır. Regionda istənilən dövlət hər an irimiqyaslı müharibənin içinə çəkilə bilər. Əlbəttə, İran da istisna deyil.

İranda ordunun əsasını türklər təşkil edir. Heç şübhəsiz ki, fars rejimi hansısa müharibəyə girəcəksə, döyüşən türkləri həvəsləndirmək üçün türk prezident qabağa veriləcək.

Bölgə qan gölunə çevriləcəksə, Türkiyənin də kənarda qalma şansı yoxdur. Türkiyəyə qarşı oynanılan əsas kart kürd separatizmidir. Bölgədəki əsas aktyorlar arasında münasibətlərin son dərəcə kəskinləşməsi bütün tərəflərdən mövqelərinin dəqiqləşdirmilməsini tələb edir. Türkiyə İraq və Suriyanı öz tərəfinə çəkməyə çalışır. Bu dövlətlər arasında ciddi ziddiyətlər olsa da, kürd separatizmi məsələsi onları birləşdirir.

İran isə əks cəbhədə yer alır və kürd separatizminin dəstəklənməsi məsələsində ABŞ və İsrailin yanında dayanır. Əslində kürd separatizmi məsələsində İran da Türkiyənin yanında yer almalıdır. İranda da kürd separatizmi mövcuddur. Amma fars hakimiyyətini türk oyanışı elə qorxudur ki, bu təhlükənin qarşısında bütün başqa problemler, o cümlədən kürd sparatizmi məsələsi gözardı edilir.

Son zamanlara qədər İranın PKK terrorçularına verdiyi dəstək gizli xarakter daşıyırdısa, indi fars hakimiyyəti terrorçulara açıq aşkar loqistika və silah-sursat dəstəyi verir. İş o yerə çatıb ki, İran hakimiyyəti Türkiyə müdafiə nazirinin açıq xəbərdarlıqlarını da qulaqardına vurur.

İranın aşkar anti - Azərbaycan ve ermənipərəst mövqeyi də fars rejiminin xarici siyasət kursunda əsas prioritetin anti-türk məsələsi olduğunu bir daha təsdiqləyir.

Bütün bu deyilənlər fars rejimi ilə İranı daxildən və xaricdən saran nəhəng türk faktoru arasındakı hesablaşmanın finala doğru yaxınlaşdığını göstərir. Pezeşkian oyunu ve bu kimi digər oyunları isə finala gedən bu yolu sadəcə bir qədər uzada bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.