"Qara bazar" ertəsi: Azərbaycana hansı təsiri var? - ARAŞDIRMA
13-08-2024, 00:05
Avqustun 5-də maliyyə bazarları böyük itkilərlə üzləşdi. Qlobal indekslərin 15%-dək azaldığı bir şəraitdə (Yaponiyanın TOPIX indeksi 10,6%, "Nikkei" 13,4%, Tayvanın "Taiex" indeksi 8,4%, Koreyanın "Kospi" indeksi 8%, "MSCI Asia Pacific Asian" fond indeksi 4,9%) Azərbaycanın əsas strateji xammalının - neftin qiyməti minimum həddə endi.
Vəziyyətə ümumi şəkildə nəzər salsaq, görərik ki, cari iqtisadi tənəzzül bir sıra ölkənin koronavirus pandemiyasından sonra maliyyə bazarlarında üzləşdiyi ən çətin vəziyyətdir. Bu hətta 1987-ci ilin oktyabrında baş verən ümumdünya birja böhranından daha ağır qiymətləndirilir. Həmin dövrdə bütün ölkələr üzrə maliyyə itkisi təqribən 1,71 trilyon ABŞ dolları həcmində idisə, hazırda təkcə ABŞ-nin texnologiya nəhəngləri birja açılışının ilk dəqiqələrində öz bazar dəyərlərini düz 1 trilyon dollarını əldən verdi.
Məsələn, "Nvidia" öz bazar dəyərini 300 milyard dollardan çox, "Apple" 224 milyard, "Amazon" 109 milyard itirdi. "Meta", "Microsoft", "Alphabet", "Tesla" və digər bir sıra texnologiya şirkəti isə ümumilikdə 995 milyard dollar zərərlə üzləşdi. Birjanın sonrakı mərhələlərində şirkətlər öz səhmlərinin müəyyən hissəsini geri qazandı və böhranın çərşənbə axşamı başa çatdığı bildirildi
Mütəxəssislərin fikrincə, böhranın səbəblərindən biri ABŞ-də işsizlik səviyyəsinin 4,3%-ə çatması ilə bağlı artım proqnozudur. Bu məqam dünya iqtisadiyyatının balansına, şübhəsiz, təsir göstərib. Eyni zamanda, ABŞ iqtisadiyyatında resessiya təhlükəsi, milyarder Vorren Baffettin özünün "Apple"dakı səhminin yarısını satmaqla bağlı qərarı, habelə Yaponiya fond bazarında gerilmə də böhranın səbəbləri kimi vurğulanır.
Digər tərəfdən, süni intellekt texnologiyalarına külli miqdarda investisiya və şişirdilmiş gözləntilər də birjalar üçün böyük təhlükə yaradır. "Goldman Sachs" investisiya bankının təhliinə əsasən, qabaqcıl texnologiya şirkətlərinin Sİ-yə xərclədikləri vəsaitn özünü qətiyyən doğrultmur. "Elliott Management" hedc fondunun da təhlili diqqətə çatdırır ki, Sİ üzrə avadanlıq təchizatı bazarının əsas fiquru sayılan "Nvidia" şirkətinin səhmləri məhz həddən artıq şişirdilmiş süni intellektin güdazına gedib.
ABŞ-nin "Navigator Principal Investors" investisiya şirkətinin baş icraçı direktoru Kayl Şostakın sözlərinə görə, baş verənləri dramatikləşdirməyə ehtiyac yoxdur. O həmçinin böhranı Yaxın Şərqdəki münaqişələrlə əlaqəndirib.
"ABŞ iqtisadiyyatında resessiya riski 25%-dən çox deyil. Zənnimcə, avqustun növbəti həftələrində maliyyə bazarlarında vəziyyət hələ dəyişkən qalacaq. Yaxın Şərqdəki münaqişənin kritik mərhələsi başa çatdıqca əsas indekslər canlanacaq", - direktor bildirib.
Britaniyanın "Financial Times" qəzeti yazır ki, "mərkəzi banklar tənəzzülə gətirib çıxaracaq çaxnaşmanın qarşısını almaq üçün fond bazarı iştirakçıları arasında müsbət düşüncələr yaratmalıdır":
"Xüsusilə dünyanın mərkəzi banklarının rəhbərlərinin iştirakı ilə avqustun 22-24-də Vayominq ştatında keçiriləcək Cekson Hol İqtisadi Siyasət Simpoziumda həvəsləndirici bəyanatlar verilməlidir".
Qəzetin analitikləri vurğulayırlar ki, maliyyə bazarlarında qeyri-müəyyənlik tamamilə aradan qalxmaması şəraitində biznes fəallığı zərər görəcək və nəticədə kredit şərtləri təkcə ABŞ-də deyil, digər ölkələrdə də sərtləşəcək.
"ABŞ-də işsizlik artımı proqnozu, Federal Ehtiyat Sisteminin faiz dərəcəsini (5,25-5,5) aşağı salmaması və Yaxın Şərqdəki ağır geosiyasi şərait "təsadüfi" şəkildə birləşərək, bu böhranı əmələ gətirdi", - qəzet diqqətə çatdırır.
Beləliklə, hazırda əsas məsələ aparıcı bankların böhrana qarşı hansı mövqedən yanaşacağıdır. Nəzərə alsaq ki, maraqlar xeyli ziddiyyətlidir və onlara sistemli şəkildə cavab vermək çətindir. Ehtiyatsız atılacaq hər addım yeni qlobal iqtisadi böhrana gətirib çıxara bilər - şahmatdakı "suqsvanq" vəziyyəti kimi.
Məsələnin Azərbaycanla bağlı tərəfinə gəldikdə isə, bu əsasən neft sahəsinə aiddir. Ümumiyyətlə, neft üzrə ən böyük şirkətlər səhmlər itirdikcə neftin qiyməti düşür. Məsələn, ötən ay "Brent" markalı neftin 1 barreli 78 dollardan aşağı düşərək, təqribən 10% dəyər itirib. Azərbaycanda isə 2024-cü ilin I yarısında "Azəri-Çıraq-Günəşli" yatağından alınan neftin, "Şahdəniz"dən alınan qaz və kondensatın satışından ümumilikdə 3 milyard 972 milyon 165 min dollar gəlir götürülüb ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 25% azdır.
Məlumat üçün bildirək ki, SOCAR 2023-cü il ərzində dünyanın ən böyük texnologiya şirkətlərinə investisiyalarını artırıb. Dövlət Neft Fondunun IT səhmlərinə investisiyasının ümumi məbləği 1 milyard 627 milyon ABŞ dolları həcmindədir:
- "Apple" (496 milyon dollar - 11,3%);
- "Microsoft" (438 milyon dollar - 16,9%);
- "Alphabet/Google" (258 milyon dollar - 14,3%);
- "Amazon" (233 milyon dollar - 18%);
- "Nvidia" (202 milyon dollar - 13,4%).
SOCAR-ın portfelinin belə şaxələndirildiyini nəzərə alsaq, səhmlərin dəyərinin düşməsindən hər hansı ciddi risk yaratmır. Şirkət 1500-ə yaxın müxtəlif qlobal şirkətin səhm portfelinə malikdir; 17 növ xarici valyuta ilə 60-dan çox ölkənin iqtisadiyyatına investisiya qoyur. Ən əsası isə, investisiyaları spekulyativ hadisələri nəzərə almadan uzunmüddətli mənfəət planı çərçivəsində həyata keçirir.
Firudin Həmidli
AzVision.az