Ukrayna cəbhədə təşəbbüsü ələ alır: - “Rusiya nüvə silahına əl ata bilər”

13-08-2024, 00:04           
Ukrayna cəbhədə təşəbbüsü ələ alır: -
Son günlər Rusiya və Ukrayna cəbhəsindən gələn açıqlamalar müharibənin gedişatının dəyişəcəyini göstərir.

Məhz regionda, bütövlükdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda Rusiya taktiki nüvə silahına əl ata bilər.

Artıq Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələ başlayır. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində uğurlu hücum əməliyyatından sonra ölkənin içərlərinə doğru irəliləyir.

Rusiyanın rəsmi KİV-ləri Ukrayna ordusunun Kurskda əməliyyatını NATO-nun Rusiya ərazisinə hücumu kimi qiymətləndirirlər. Moskvada hesab edirlər ki, bu hərbi əməliyyat birbaşa NATO mütəxəssisləri tərəfindən hazırlanıb.

Bəzi hərbi ekspertlər hesab edirdilər ki, belə bir halda Moskva bunu bəhanə gətirərək Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər. Hətta müharibənin daha da alovlanacağı halda Rusiyanın NATO-nun Avropada strateji obyektlərinə raket zərbələri endirəcəyi də ehtimal olunur.

Rusiyanın Belarusu da müharibəyə cəlb edəcəyi, xüsusilə Polşa, Almaniya və Fransaya qarşı ciddi tədbirlər görəcəyi də idddia olunur.

Maraqlıdır, müharibənin gedişatının tam olaraq Rusiyanın əlehinə çevriləcəyi təqdirdə Moskva taktiki nüvə silahından istifadə edə bilər? Rusiya Prezidenti Vladimir Putin belə bir addıma cəhd edərsə, o zaman ABŞ və NATO hansı tədbirləri görmək məcburiyyətində qalacaq?

Məsələ ilə bağlı politoloq “Elçin Xalidbəyli "Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməsi müharibənin gedişatını dəyişdi:

“Artıq müharibə təkcə Ukraynada deyil, Rusiyanın ərazisinə də sirayət edib. Bu müharibə Rusiyanın içərilərinə doğru irəliləyir. Bu, Rusiyanın ictimai-siyasi məkanında Kremlə qarşı narazılıqları daha da artırıb.

Məhz Ukrayna ordusunun Kurskdakı uğurlu hərbi əməliyyatı Rusiyanın sülh şərtlərini fiaskoya uğratdı. Hazırkı proses bu cür davam edərsə, Moskva öz şərtlərini danışıqlar masasında diktə edə bilməyəcək.

Əksinə rəsmi Kiyev Moskva ilə danışıqlarda Krımın qaytarılmasını, rus qoşunlarının Ukraynanın cənub-şərq əraziləri – Donbas və Luqanskdan Rusiyanın beynəlxalq sərhədlərinə doğru geri çəkilməsini tələb edəcək.

Artıq bu müharibədə vəziyyət balanslaşıb. Əgər Moskva Ukrayna ordusunun Kurskdakı əməliyyatını NATO-nun əməliyyatı kimi qiymətləndirərsə, o zaman vəziyyət də gərginləşəcək”.

Ekspert vurğulayıb ki, vəziyyətin dəyişməyəcəyi təqdirdə Rusiya taktiki nüvə silahından istifadəyə əl ata bilər:

“Moskva artıq əvvəlki kimi özünə əmin görünmür. Kremldən narazıqların artması açıq-aşkar müşahidə olunur. Hesab etmək olar ki, Rusiya üçün prinsipal, strateji və taleyüklü mərhələ sürətlə yaxınlaşır.

Əgər Rusiya ordusu Kursk istiqamətində Ukrayna ordusunun hücumunu dəf edə bilməzsə, daha böyük itkilərə məruz qalarsa, Kremlin əlində yalnız bir faktor qalacaq. Bu da taktiki nüvə silahından istifadə etməkdir.

Rusiya müharibədə məğlub olduğunu anlayacağı təqdirdə nüvə silahını ön plana keçirəcək. Hesab edirəm ki, Rusiya məhv olmamaq və öz mövcudluğunu qorumaq üçün taktiki nüvə silahından istifadə edə bilər”.

Kremlin NATO-nun Avropa ölkələrində strateji obyektlərinə raket zərbələri endirməklə bağlı qərarına gəlincə, E.Xalidbəyli bunun yalnız müharibənin gedişatından asılı olduğunu bildirib:

“Əgər Rusiya öz ərazisində müharibənin qarşısını ala bilməzsə, böyük ehtimalla, Kremldə daha radikal mexanizmlər nəzərdən keçirilə bilər. Bu sıraya Ukraynaya fəal dəstək verən Avropa ölkələrinə birbaşa ballistik raketlərlə hücumların təşkilinin daxil edilməsi istisna deyil”.

Ekspert Belarusun da müharibəyə cəlb oluacağı da ehtimal edib:

“Belarusun da Ukrayna ilə müharibəyə yaxınlaşmaq meyilləri müşahidə olunur. Rəsmi Minsk Ukraynadan özünə qarşı təhlükələr gözlədiyini bəyan edir. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun Rusiyanın Kursk, Belqorad və digər bölgələrinə girməsindən sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun narahatlığı artıb. Artıq Belarus qoşununun Ukrayna ilə sərhəd ərazilərdə cəmləşməsi müşahidə olunur.

Ümumiyyətlə, Moskva Belarusun da bu müharibəyə cəlb olunmasında maraqlıdır. Çünki Belarusun bu müharibəyə qatılacağı təqdirdə Moskva bunu örnək göstərərək Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının digər üzv ölkələrindən Ukraynaya qarşı savaş açmasını tələb edəcək. Hazırkı vəziyyət kifayət qədər ciddi təlatümlər doğura bilər”.

E.Xalidbəyli bildirib ki, Moskva Ukrayna ilə müharibədə vəziyyəti öz xeyrinə dəyişmək üçün bütün vasitələrdən istifadə edə bilər:

“Buraya Ukraynaya ən çox və hər cür dəstəyi verən Polşaya qarşı təzyiqlərin artırılması daxildir. Moskva istənilən zaman Polşanın ərazisini də hədəfə ala bilər. Hətta Rusiya rəsmiləri Almaniyaya da təhdidlər yağdırırlar.

Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev tezliklə rus tanklarının Reystaq ətrafında toplaşacağı ilə bağlı bəyanat səsləndirib. Təbii ki, bu, psixoloji bir bəyanatdır.

İstənilən halda Moskva həm Polşa, həm Almaniya, həm də Rusiya ilə həmsərhəd olan NATO ölkələrinə raket hücumları həyata keçirə bilər. Ən təhlükəli məqam isə Rusiya məğlub duruma düşəcəyi təqdirdə nüvə silahına əl atmasıdır.

Əgər Rusiya NATO ölkələrinə qarşı taktiki nüvə silahından istifadə edərsə, NATO da qarşılıqlı olaraq Rusiyaya nüvə silahı ilə cavab verəcək. Bu da nüvə müharibəsi deməkdir. Dünya çox böyük fəlakətlə üz-üzə qalıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.