Etibar Hüseynovun qardaşı ölüm ayağında: Bakı Sağlamlıq Mərkəzində SKANDAL

13-08-2024, 08:54           
Etibar Hüseynovun qardaşı ölüm ayağında: Bakı Sağlamlıq Mərkəzində SKANDAL
Jurnalist, sabiq deputat Etibar Hüseynovun bir neçə gündür Bakı Sağlamlıq Mərkəzində müalicə alan qardaşı Rüstəm Hüseynov hazırda komadadır.

Artıq onun yaşaması üçün ümid qalmadığından, ailəsi xəstənin süni tənəffüs aparatından ayrılmasını və cənazəsinin təhvil verilməsini istəyir.
Cənazə maşını ilə Bakı Sağlamlıq Mərkəzinə gələn ailəyə klinikadan rədd cavabı verilib.

Hazırda xəstəxanada olan ailə üzvləri bu barədə Sitat.info-ya danışıblar.

Bildiriblər ki, mərkəzə müraciət edərkən xəstənin vəziyyəti ağır olub. 1 saylı Kliniki Tibbi Mərkəz xəstəni qəbul etməsə də, Bakı Sağlamlıq Mərkəzi qəbul edib, müalicəsini üzərinə götürüb.

Qeyd edək ki, R. Hüseynova qara ciyərində tromb diaqnozu qoyulub, müalicə nəticəsində isə bağırsaq çürüməsi meydana gəlib.

Xəstəni xilas etmək mümkün olmayıb və son nəticədə süni tənəffüs aparatına qoşulub.

Hazırda Bakı Sağlamlıq Mərkəzi prosesi uzatmaga çalışır.

Ailədən bildirilib ki, Bakı Sağlamlıq Mərkəzi bunu ölümün burada qeydə alınmaması üçün edir.

Hər nə qədər qəribə səslənsə də, klinika ölüm statistikasının artmamasına çalışır. Bu səbəbdən də heç bir həyat əlaməti qalmayan xəstəni süni tənəffüs aparatından ayırmaqdan imtina edirlər.

Ailə isə bir klinikadan alınan cənazənin başqa bir xəstəxanada qəbul edilməyəcəyini bildirir.

Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi.

Məğrur Salmanov,

Sitat.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.