Dezinformasiyaların əsas məqsədi Azərbaycanı yenidən "gərginlik xətti"nə qoşmaqdır

13-08-2024, 13:04           
Dezinformasiyaların əsas məqsədi Azərbaycanı yenidən "gərginlik xətti"nə qoşmaqdır
İran-İsrail arasında pik həddə çatan gərginlik Tehranın təmkinli davranışları nəticəsində qeyri-müəyyən rəng alıb. İranın cavab addımlarının trayektoriyasını hesablaya bilməyən Qərb institutlarının, kəşfiyyat dairələrinin geniş tərkibli dezinformasiyalara start verməsi təsadüf deyil. Proses paralel şəkildə aparılır: bir tərəfdən İranın İsrailə hücum edəcəyinin sərt anonsları verilir və digər tərəfdən isə iki ölkə arasındakı “gərginlik xətti”inə Azərbaycanın da qoşulmasını təmin etməyə çalışırlar. Bu baxımdan dezinformasiyaların ən çox ixrac olunduğu əsas ölkələrdən biri məhz Azərbaycandır.
Bir neçə gün bundan əvvəl Britaniyanın “The Telegraph” nəşri İran prezidenti Məsud Pezeşkianın adından yayılan bəyanatı dərc etdi. Bəyanatda göstərilirdi ki, M.Pezeşkian SEPAH-la aralarında olan gərgin müzakirələrdən sonra Azərbaycanda İsrailə bağlı mərkəzlərin hədəfə alınmasını təklif edib. Azərbaycan tərəfi haqlı olaraq, bu bəyanatın feyk olub-olmadığı barədə İrandan cavab gözlədiyini ifadə etdi. Amma İrandan hələ də cavab yoxdur. Bu gün isə İsrailin dövlət televiziyası olan “Kan” kanalı növbəti dezinformasiya ayaq verərək, “İsrail hərbçilərinə Azərbaycan və Gürcüstanı dərhal tərk etmək barədə əmrin verildiyini” tirajlayıb.
BİRİNCİSİ, M.Pezeşkianın belə bir bəyanat verdiyi inandırıcı deyil. Əgər bu bəyanat SEPAH-ın adından verilsəydi, daha inandırıcı görünərdi. Çünki İran-Azərbaycan arasında pozitiv münasibətlərin qurulmasını istəməyən əsas qüvvə SEPAH-dır. Pezeşkian İran dövlətinin ali rəhbərliyinin xeyir-duası və azərbaycanlılardan ibarət sosial elektoratın hesabına prezident seçilib. Pezeşkian azərbyacanlıdır və onunla dil tapmaq daha asandır, məhz bu genetik kodların yaratdığı yeni fürsətlərdən qorxan qüvvələr onu da Azərbaycanla hansı məqsədlə düşmən etmək istəyirlər?
İKİNCİSİ və ən MARAQLISI budur ki, Pezeşkianın “məlum” bəyanatının ardınca İsrailin dövlət kanalının öz hərbçilərinin məhz Azərbaycanda olması ilə bağlı çağırış etməsi, yer nişan verməsi və hərbçilərinin Azərbaycanda olmasını açıq mətnlə tirajlaması dezinformasiyaların əsl mənbəyi haqqında geniş təsəvvür yaradır.
ÜÇÜNCÜSÜ, Azərbaycanda heç bir ölkənin hərbi kontingenti yoxdur. Hər hansı dezinformasiyalarla belə bir təsəvvür yaratmağa nə ehtiyac var? İstər Türkiyə, istər Rusiya, istərsə də İran və yaxud hər hansı bir ölkə Azərbaycanda hərbi baza qura bilməz, qurmamalıdır! Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazilərimizdən çıxarılması Azərbaycanın bu məsələdə hansı dərəcədə prinsipal olduğunu nümayiş etdirdi.
Sözüm bir çox siyasətçilərimizə, jurnalistlərimizə və ictimai fəallaradır. Kim Azərbaycanın hər hansı bir ölkəyə birləşməsini arzulayırsa, hər hansı başqa bir ölkəyə məxsus bazanın Azərbaycanda yerləşməsini istəyirsə, İsrail-İran, Rusiya-NATO (dolayısı ilə Ukrayna) müharibəsində aktiv iştirakçı-tərəf olmağını niyyət edirsə və müstəqil olmaqdan bezibsə, bu adamların özləri rədd olub həmin ölkələrdə gedib yaşaya bilərlər.
Azərbaycan İsrail arasında dərin əlaqələr mövcud olsa da, heç bir halda İranla müharibədə tərəf kimi çıxış etməyəcək. Çünki Azərbaycanın heç bir ölkənin qarşısında belə bir öhdəliyi yoxdur. Bu günə qədər Azərbaycanın heç bir hərbi ittifaqa qoşulmaması da təsadüf deyil. Azərbaycan ərazilərinin poliqona çevrilməsi istiqamətində irəli sürülən bütün təşəbbüslər, ortaya atılan bütün dezinformasiyalar beşiyindəcə boğulmalıdır. Kim müharibə edəcəksə, bir-birilərinin torpaqlarından etsin. Ölkəmizi hər hansı bir şəkildə tərəf kimi müharibəyə itələmək cəhdləri Azərbaycan dövləti tərəfindən dərindən hiss olunur, təhlil edilir və hər şeyi başa düşürük.
Samir Feyruzov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.