ABM bu şirkətə 660 minlik tender verdi – Fazil Məmmədova məxsus olduğu deyilirdi
14-08-2024, 08:04
Azərbaycan Mərkəzi Bank “Caspel” MMC-dən 659 890 manat dəyərində kompüter, noutbuk, printer, şəbəkə və ofis avadanlıqları alacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Mərkəzin Bankın bununla bağlı keçiridiyi tenderin qalibi olub.
“Caspel” MMC vaxtaşırı dövlət satınalmalarında qalib elan edilir. Mediada gedən məlumatlara görə, şirkət 2019-cu ildən 2024-cü ilin ilk yarısına qədər maliyyə dəyəri 43 milyon manatdan artıq olan satınalma müqavilələri imzalayıb.
“Caspel” MMC 2005-ci ildə təsis edilib. 2023-cü ilə qədər şirkətə rəhbərliyi iş adamı Namiq Məmmədov edib. O, eyni zamanda şirkətin ilk qanuni təmsilçisi olub.
Namiq Məmmədovdan sonra isə şirkəti Quliyev Ceyhun Məhi oğlu təmsil edib. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib. Bu fakt Fazil Məmmədovun dövründə kassa-nəzarət aparatlarının satışının hansı səbəbdən “Caspel” şirkətinin inhisarında olmasına aydınlıq gətirir.
Ceyhun Quliyevin “Caspel”in qanuni təmsilçisi olması həm də şirkətin səlində Fazil Məmmədova məxsus olması barədə iddialara səbəb olub.
Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub. O, 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.