UKRAYNA MÜHARİBƏSİ SƏMTİNİ DƏYİŞİR... - Rusiya rəhbərliyi bundan sonra hansı tədbirlər görə bilər?
14-08-2024, 08:45
Kremlə səfərbərlik də kömək etməyəcək
Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması və Kursk vilayətinin bir hissəsini zəbt etməsi Kiyevin cəsarətli strateji qərarıdır və bundan sonra müharibənin gedişi tamamilə yeni məcraya yönələcək.
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə girməsindən sonra Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu, iri miqyaslı təxribatdır. Putin ”Ukrayna bizim torpaqlarımızı işğal edib” söyləməkdən çəkinir. Açıq görünür ki, gözlənilməz və çətin vəziyyətlə üzləşən Putin ictimaiyyətə konkret, tutarlı söz deməkdə, izahat verməkdə acizdir. O, sadəcə, növbəti dəfə hədəfə gəlməmək üçün manevrlər edir və “iri miqyaslı təxribat” ifadəsini də bunun üçün düşünüb tapıb.
Putinin Ukraynaya müdaxilədən öncəki təhdidedici və arxayın tərzindən indi əsər-əlamət qalmayıb. Onun çıxışlarında ümumi şablon söz yığınından başqa heç bir yeni fikrə rast gəlinmir. Bu gün kimsə ona “bəs blitskriq necə oldu?” sualını vermir. Rəhbərdən hesab sormaq Rusiya cəmiyyətində tabudur, bunun yerinə Kursk vilayətinin sakinləri xorla “əziz Vladimir Vladimiroviç, bizə kömək edin” deməklə Rusiyadakı kollektiv şüurun reaksiyasını nümayiş etdirirlər.
Ümumiyyətlə, Rusiya rəsmiləri və jurnalistləri sözün əsl mənasında başlarını itiriblər və gülünc vəziyyətə düşüblər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib: ”Biz beynəlxalq ictimaiyyəti kənarda qalmamağa və Kiyev rejiminin cinayət əməllərini qətiyyətlə pisləməyə çağırırıq”.
O, beynəlxalq ictimaiyyət deyəndə görəsən kimləri nəzərdə tutub? Maduronu? Kim Çen Inı?
Təbliğatçı teleaparıcı Sergey Klyuçenkov (Sergey Mardan) isə ukraynalılara qarğış edib. Beləliklə də bunların hansı səviyyəyə yuvarlandıqları göz önündədir...
Operativ vəziyyət necədir?
Hazırda Ukrayna ordusu hücumun davam etdirilməsi və arxa cəbhə ilə öndəki hərbi birləşmələr arasındakı məsafəni uzatmamaq və qırmamaq üçün taktiki gedişlər edir. Avropanın ən böyük qazpaylayıcı məntəqələrindən olan “Sudja” stansiyası ələ keçirilib. Rusiyanın Avropa ölkələrinə yolladığı qaz həmin stansiyadan keçir.
Rusiya ordusu bütün imkanlarını Donbas, Zaporojye və Xerson istiqamətində cəmləşdirdiyi üçün ehtiyat qüvvəsi yetərli səviyyədə deyil. Bu üzdən Kursk vilayətinə gətirilən əsgərlərin əksəriyyəti çağırışçılardır. Ukrayna ordusu isə artıq çoxşaxəli hücumlara start verib. Kursk vilayətinə hücum ərəfəsində Lipetsk aviabazası və oradakı KAB(tənzimləyici avia bombalar) bombalarının saxlandığı anbar dronlar tərəfindən məhv edilib.
Rusiya rəhbərliyi niyə “müharibə” sözündən qorxur?
Ən maraqlı məsələlərdən biri Rusiyanın “qırmızı xətti”nin nədən ibarət olmasıdır. Deyəsən, o artıq yaddan çıxıb və lətifələr obyektinə çevrilən Dmitri Medvedev nədənsə ortalıqda görünmür. Digər qəribəlik ”Xüsusi Hərbi Əməliyyat” terminin aqibəti ilə bağlıdır. Rusiya televiziyasının hərbi müxbiri, döyüş bölgəsində ağır yaralanan Yevgeni Paddubnı da digər həmkarları kimi reportajlarında dönə-dönə “Специальная Военная Операция ” kəlməsini təkrarlayırdı. Ancaq həmin bu “əməliyyat” onun ən azı ömürlük şikəst qalması, yataq xəstəsi oması ilə nəticələnməkdədir...
Rusiya rəhbərliyinin Kursk vilayətində gedən döyüşlərdən və ərazilərin itirilməsindən sonra da müharibəni “Xüsusi Hərbi Əməliyyat”(XHM) adlandırması isə tragikomediya təsiri bağışlayır. Görürük ki, Putin və komandası hələ də “müharibə” sözündən bərk qorxur - niyə, səbəb nədir?
Əgər Rusiya Ukrayna ilə müharibə etdiyini etiraf etsə, əvvəlcə gərək bunu elan edə, sonra isə yeni səbəblər açıqlaya. Ölkə daxilində isə müharibə qanunlarına uyğun xüsusi rejim və komendant saatı tətbiq olunmalıdır. Bundan başqa, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməli və səfərbərliyə getməlidir. Amma Putin ölkədəki daxili vəziyyəti gərginləşdirmək istəmir. Hakim elita düşünür ki, cəmiyyət heç nə olmamış kimi sabit həyat tərzini davam etdirməli, gündəlik qayğıları ilə məşğul olmalıdır.
Əlbəttə, prinsip etibarı ilə səfərbərliyə gedə bilərlər. Bir dəfə səfərbərlik kampaniyasına girişdilər, 300 min adam yığdılar, lakin gördülər ki, bu, tamamilə əks effekt verir. Digər yandan, hələ ki, pulları var və muzdlu əsgərlər cəlb edə bilirlər.
Rusiya rəhbərliyi bundan sonra hansı tədbirlər görə bilər?
Rusiya komandanlığı Kursk istiqamətinə tez-tələsik əlavə qüvvələr göndərsə də, heç nəyə nail olmayıb. Bəs, rəhbərlik bundan sonra vəziyyətdən çıxış yolu kimi hansı tədbirlər görə bilər?
Birincisi, Rusiya ordusu Kursk vilayətində geri çəkilərək arxada istehkamlar qurmağa cəhd göstərəcək və təbliğat komandası bunun tamamilə normal hal olmasını cəmiyyətə təlqin etməyə başlayacaq.
İkincisi, Kreml muzdlu döyüşçülərin sayını artırmaq məqsədi ilə onlara ödənilən məbləği bur az da yüksəldəcək. Bəlkə də bu, axırıncı artım olacaq. Əks təqdirdə bunun öhdəsindən gəlinməsi mümkün olmaya bilər. Hələlik yəqin ki, bir müddət bu üsullardan istifadə ediləcək.
azpolitika