“Onlar dələduzdur, seçkiyə “alver” gözü ilə baxırlar” - REAKSİYA
14-08-2024, 11:22
Sentyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr davam edir. Müzakirə mövzusu olan əsas məsələlərdən bir də namizədliyini irəli sürən bəzi jurnalistlərdir.
Hər kəs Rauf Arifoğlu, Azər Həsrət, Elxan Şükürlü, Elşad Paşasoy kimi mütamadi olaraq efirlərdə olan, siyasi çıxışları ilə tanınan şəxslərin namizəd olacağını düşünsə də, onların əvəzinə tanınmayan, imzası ilə rastlaşmadığımız şəxslər iddia ortaya qoyub.
Bəs bu adamların namizədliyini irəli sürməkdə məqsədləri nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli qeyd edib ki, seçicilər üçün onları təmsil edəcək deputatın fəaliyyəti, peşəsi mühüm əhəmiyyət kəsb edir:
“Namizədliyini verən şəxsin tanınıb-tanınmaması onun özü üçün xeyli dərəcədə əhəmiyyətsizdir. Amma əlbəttə ki, auditoriya, seçicilər üçün bu, çox önəmlidir. Onlar bilmək istəyirlər ki, namizədliyini verən kimdir, hansı məsləkin sahibidir, nə dərəcədə deputatlığa layiqdir və s.
Bəzi jurnalistlər namizədliyini veriblər, bəli, bu, onların hüququdur, hər kəs namizəd ola bilər.
Mən bu seçkidə iki tendensiya hiss edirəm. Birincisi, əsasən ümumi prosesi öyrənmək istəyən, “mən də varam” deyə namizədliyini irəli sürənlərdir. Digər kateqoriya insanlar isə sırf məşğuliyyət üçün, 1 ay bekar qalmasın deyə namizədliyini irəli sürüb”.
Q.Məhərrəmli seçki prosesinə “alver” gözü ilə baxan fırıldaqçıların da kifayət qədər olduğunu açıqlayıb:
“Müşahidə etdiyim bir xüsusi cəhət də seçkilərə alver üçün girənlərdir. Mən elə namizəd tanıyıram ki, Azərbaycan müstəqil olandan bəri hər dəfə parlament seçkilərində namizədliyini verir. Hər dairədən – doğulduğu, yaşadığı, yaşamadığı bütün dairələrdən namizədliyini irəli sürür. Hardan gəldi namizəd olsa da, heç 2-3 səs toplaya bilmir.
Bu cür seçki dələduzları da var. Onlar seçkinin müxtəlif rəngləridir.
Hər şey aydın görünür. Belələrinə də müəyyən dərəcədə dözümlü yanaşmaq lazımdır ki, insanlar seçkidən bayram kimi istifadə edə bilsinlər”.