Azərbaycan siyasətçisi “azərbaycanpərəst”, Gürcüstan siyasətçisi “gürcüstanpərəst”, Ukrayna siyasətçisi “ukraynapərəstdir” ya yox – bu yanaşma əsas meyar olsa,

5-12-2024, 09:34           
Azərbaycan siyasətçisi “azərbaycanpərəst”, Gürcüstan siyasətçisi “gürcüstanpərəst”, Ukrayna siyasətçisi “ukraynapərəstdir” ya yox – bu yanaşma əsas meyar olsa,
“Pərəstlik” mərəzi dünya siyasətini bürüyüb, siyasəti, diskursu bəsitləşdirib, sanballı, çoxbucaqlı siyasi baxışlar heç kimə lazım deyil. Dünya mediası, sosial şəbəkələr – yəni, kommunikasiya kanalları bu bəsit yanaşmanı tirajlayırlar, bu isə keyfiyyətli və dərin siyasi diskussiyanın yaranmasına mane olur. Dünyanın bütün ölkələrində siyasi partiyalar, siyasi liderlər (iqtidar-müxalifət fərqi yoxdur) mürəkkəb məsələləri sadələşdirərək siyasətin keyfiyyətini qəsdən öldürürlər.
Məsələn, dünən Cənubi Koreyada ölkənin prezidenti hərbi vəziyyət elan etdi, sonra da bunun ziyanlı olduğunu anlayıb ləğv etdi. Elan edən zaman, “müxalifət, bəzi partiyalar Şimalı Koreyaya işləyir”, deyərək bəsit arqument kimi ölkədə “şimalikoreyapərəstlərin” olduğunu iddia etdi.
Bizdə də eyni durumdur, məsələn, iqtidar-müxalifətin 1500 manatlıq birgə, danışılmış şousunun qəhramanı çıxıb deyir ki, Azərbaycan hakimiyyəti ruspərəstdir, bu iddiasını sübut edə biləcək heç nə yoxdur, əslində isə Rusiyanı Cənubi Qafqazda urvatsız edib zəiflədən Azərbaycan oldu.
Eyni şeyi Azərbaycan iqtidarı da edir, xoşuna gəlməyən sözlər, fikirlər söyləyənləri gah “ermənipərəst”, gah da “qərbpərəst” çıxarır – çünki arqumentlərlə danışmağa qadir deyillər, sanballı siyasət yürüdə bilmirlər. Hətta iş o yərə gəlib çatıb ki, “ən normal qonşumuz Xəzər dənizidir”, deyirlər, camaat da bəyənir, amma sual vermirlər ki, bu iddia o zaman bizim xarici siyasətimizin uğursuzluğu demək olur, axı Türkiyə də bizim qonşumuzdur, qardaş ölkəyə də bu aiddirmi?! Və ya, hansısa ölkə Azərbaycanı haqlı-haqsız tənqid edirsə, sözlərin, iddiaların məğzi qalır kənarda, həmən, “filan ölkə ermənipərəstdir”, damğası gəlir. Belə primitiv yanaşma ilə ağı-qaradan seçmək mümkün olmayacaq.
Bənzər yanaşma Gürcüstanda görürük, çox bəsit diskurs yaradıblar – iqtidar “ruspərəstdir”, müxalifət “qərbpərəst”, belə də siyasi diskurs olar?! Gürcüstanda iqtidar “ruspərəst” olub nə edib?! Və ya, müxalifət “qərbpərəst” olub nə edəcək?! Bu suallar dərin olduğu üçün heç kimi maraqlandırmır, əsas odur ki, bəsit diskurs davam etsin.
Və ya, Rusiyanın Ukraynaya vəhşi təcavüzü ilə bağlı Ukraynanın daxilində fərqli fikirlər söyləyənlərə “ruspərəst” deyib damğalayırlar, Rusiya daxilində ayrı yanaşma göstərməyə cəhd edənlərə isə “ukraynapərəst” deyib həbs edirlər.
Həzərat, bu “pərəstlik” mərəzi çox mənasız və ziyanlıdır, sanballı, yetişkən, çoxbucaqlı siyasi diskursu əngəlləyir. Xub, tutalım İllah da “pərəst” yanaşması axtarırsınızsa bircə məsələyə fikir verin: Azərbaycan siyasətçisi “azərbaycanpərəst”, Gürcüstan siyasətçisi “gürcüstanpərəst”, Ukrayna siyasətçisi “ukraynapərəstdir” ya yox – bu yanaşma əsas meyar olsa, bəlkə siyasi diskursu zənginləşdirmək mümkün oldu, bəlkə pazllar yerinə oturdu...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.