“FETÖ-nun Azərbaycanda əlində olan pullar hələ də nəzarətsiz şəkildə dövriyyədədir”

6-10-2016, 10:36           
“FETÖ-nun Azərbaycanda əlində olan pullar hələ də nəzarətsiz şəkildə dövriyyədədir”
Türkiyədə 15 iyul hadisələrindən sonra FETÖ (Fətullahçı Terror Örgütü) tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyatlar başladı. Bu əməliyyatlar indi də davam edir. Türkiyədə əsasən güc strukturlarında aparılan təmizləmələr nəticəsində yüzlərlə insan istintaqa cəlb olunub.

Qardaş ölkədə yaşanan hadisələrdən sonra Azərbaycanda da bu istiqamət üzrə əməliyyatlar keçirilib, bir sıra həbslər həyata keçirilib. Lakin Türkiyədən fərqli olaraq son zamanlar Azərbaycanda bu kimi əməliyyatların səngiməsi müşahidə olunur. Bəs, Azərbaycanda FETÖ-yə qarşı əməliyyatlar bitdimi?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Azərbaycanda Gülən tərəfdarları kifayət qədər dərin fəaliyyət göstəriblər: “Azərbaycan demək olar ki, FETÖ şəbəkələrinin qurulduğu ölkələr arasında ilk sıralarda dururdu - baxmayaraq ki, Türkiyəyə o zaman Özbəkistanda, Qazaxıstanda bu cür məktəblər açmaq daha rahat idi. Qazaxıstan məsələsində hətta Rusiya amili də var idi ki, oradan bu şəbəkəni Rusiyaya da keçirsinlər. Lakin onların prizmasında işin aktivliyi Azərbaycanda alındı. Azərbaycanın özünəməxsus spesifik xüsusiyyətləri var. Bizdə hətta gülənçilər özlərini rəsmi şəkildə elan etsələr də, yenə də prezidentin siyasətini izləyiblər. Onlar heç zaman görməmişdilər ki, gülənçiliyi qadağan edən dövlətin siyasəti olsun. Türkiyə tərəfi məsələni çox konkret qoydu. Bunun özü də çox anlaşılmaz məsələdir. Azərbaycanda bütün "Gülən məktəbləri"nin hamısı yüksək çinli Türkiyə nazirlərinin təsiri altında, onların yaxından iştirakı ilə açılıb. Yəni bunlar hər hansı məktubla, zənglə baş verməyib. Yüksək çinli məmurların bir neçə dəfə Bakıya gəlişindən sonra bu məktəblər açılıb. İndi də elə həmin sürətlə də Türkiyə hökumətinin istəyi ilə FETÖ təmizlənir. Necə ki, o zaman Azərbaycan ətalətlə həmin işlərin görülməsinə icazə vermişdi, indi də o templə proseslər qapadılır. Düşünürəm ki, Azərbaycanda təxminən 3-5 faiz gizli gülənçi var. Hansı ki, onlar gerçəkdən bu yoldan həm mənəvi, həm də fiziki baxımdan asılı vəziyyətdədir. Bu bir dalğa idi, gəldi və getdi. Doğrudur, Azərbaycanda, qeyd etdiyim kimi, gülənçiliyin aradan qaldırılması yüksək templə getmir. Ancaq əminəm ki, Azərbaycan dövlətinin apardığı siyasət ona yönəlib ki, ölkədə sabitliyi pozan, bu gün və gələcəkdə baş verə bilən təhlükələrin qarşısı alınsın. Hər bir proses mərhələ-mərhələ aparılır".

Politoloq Elxan Şahinoğlu isə bir məqama da diqqət yönəldir: “Türkiyədə əhalinin sayı 80 milyon, Azərbaycanda isə 10 milyona yaxındır. Bəli, biz hər zaman qeyd edirik ki, FETÖ-nün Türkiyə xaricində ən güclü təşkilatlanması Azərbaycanda həyata keçirilib. Azərbaycanda bəzi adamlar bu baxımdan dövlət idarə etməsindən uzaqlaşdırıldı, bu məsələdə adı hallanan deputatlar növbəti dəfə seçilmədi və sairə. Lakin təxminim budur ki, FETÖ-nun Azərbaycanda əlində olan pullar hələ də nəzarətsiz şəkildə dövriyyədədir. Həmin maliyyələr isə Azərbaycana gələcəkdə təhlükələr vəd edə bilər. Türkiyədə olduğu kimi, genişmiqyaslı həbslərin də tərəfdarı deyiləm. Ancaq məsələ araşdırılmalıdır ki, 20 ildə FETÖ Azərbaycanda necə kök salıb və hansı sahələrə müdaxilə ediblər? Araşdırmalar nəticəsində görülsə ki, əməllərində cinayət tərkibi yoxdur, məsələyə yumşaq yanaşılmalıdır. Əksidirsə, o zaman onlara qarşı ciddi tədbirlər görülməlidir. Çünki 15 iyul hadisələri göstərdi ki, onlar çox təhlükəli qruplaşmadırlar”.

Politoloqa görə, məsələ burasındadır ki, hazırda Türkiyə rəsmiləri Azərbaycanın addımlarından razılıq edirlər: “Bunu baş nazir Binəli Yıldırım və digər nazirlər də söyləyirlər ki, Azərbaycana minnətdarıq. Bilmirik ki, bu siyasi və diplomatik jestdir, yoxsa həqiqətən Azərbaycan hakimiyyətinin atdığı addımlardan razıdırlar. Buna yəqin ki, gələcəkdə Azərbaycana səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ya baş nazir Binəli Yıldırım aydınlıq gətirə bilər. Əgər Bakıda da eyni açıqlamalar versələr, demək, Azərbaycan hakimiyyətinin FETÖ ilə mübarizəsindən elə bir narazılıqları yoxdur. Əksi baş versə, demək ki, bundan da güclü mübarizə aparılmasını istəyirlər”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı söyləyib ki, FETÖ adlanan təşkilatın daxilində gülənçilər, nurçular olub, əgər onların əməlində konkret cinayət tərkibi varsa, nədən ibarət olduğu öncəliklə açıqlanmalıdır: “Həbs edilən şəxslərin nə işlə məşğul olduğu deyilməlidir. Əgər profilaktik tədbirlər görülürsə, burada həbs-qətimkan tədbirindən söhbət gedə bilməz. Çünki həbs-qətimkan tədbiri seçilirsə, konkret cinayətdə şübhəli bilinirlər. Ona görə də istərdik ki, bunlara aydınlıq gətirilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.