Bakıda qarovulçunu döydürən "Range Rover"li qadının alim əri tutuldu - Adı da açıqlandı
6-10-2016, 20:17
Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən “Range Rover”li qadın əhvalatı ilə bağlı qalmaqala son qoyulub.
Virtualaz.org xəbər verir ki, qadının qarovulçunu döyüb ona ağır xəsarətlər yetirmiş əri hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun adı da açıqlanıb.
Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı “Range Rover”lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı “Room” mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.
Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən “AA” seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanları bu hadisə barədə məluma yaymayıblar. Bununla belə virtualaz.org saytı döyülən şəxsin kimliyini müəyyənləşdirmişdi. Həmin şəxs 26 yaşlı Gülüşov Famil Fazil oğlu idi. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə həmin şəxsi döyənin adını açıqlamamamışdı. Bildirmişdi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. “Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın”-Orxan Mansurzadə bildirdi.
İndi hüquq-mühafizə orqanlarından bildiriblər ki, qarovulçunu döyən şəxs artıq saxlanılıb və ona qarşı həbs qətimkan tədbiri seçilib. Bu, DİN və prokurorluq orqanlarının birgə işi sayəsində mümkün olub. Mənbə bildirib ki, qarovulçunu vəhşicəsinə döyüb ona ağır xəsarətlər yetirən şəxs Azər Cəfərlidir. O, cinayəti törədəndən dərhal sonra Bakıdan qaçıb və İmişli rayonunda gizlənib. Lakin həmin şəxsin gizləndiyi yer müəyyən edilib və iki gün əvvəl tutularaq Bakıya gətirilib.