Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib.

7-10-2016, 19:14           

“Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıb və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcək”.

teref.az-nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Sosial layihələrin icra edildiyini deyən dövlət başçısı qeyd edib ki, 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. “Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir. Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik. İndi biz ilin sonuna qədər görüləcək işlər haqqında da danışacağıq. Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik”.

Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: “Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi ilə başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.

Prezident İlham Əliyev 2016-cı ildə ölkədə bir sıra işlərin aparıldığı və onların artıq nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Gələn ilin dövlət büdcəsinin yenə də sosial yönümlü olmasının vacibliyini vurğulayan dövlət başçısı bununla belə investisiya yönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını verərkən vurğulayıb ki, ölkəmizə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.

Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağının əminliyini ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.