Avropa İttifaqının Prezidenti: Azərbaycanla əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik
Bu gün, 15:17
Yanvarın 9-da Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında deyilir ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb. Antonio Koşta Avropa İttifaqının qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.
"Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb”, məlumatda qeyd edilir.
Antonio Koşta isə X Platformasında yazıb ki, Avropa İttifaqı qəzanın qərəzsiz və şəffaf araşdırılmasını dəstəkləyir.
"Həmçinin Avropa İttifaqı Azərbaycanla əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Əməkdaşlığımızı gücləndirmək üçün tezliklə Prezident Əliyevlə görüşməyi səbirsizliklə gözləyirik”, o qeyd edib.
Avropa İttifaqının Prezidentinin Azərbaycan Prezidentinə telefon zəngi yanvarın 7-də yerli televiziyalara müsahibəsində Prezident Əliyevin Avropa İttifaqının ünvanına tənqidi qeydlərindən sonraya təsadüf edir.
Prezident Əliyev deyib ki, Azərbaycan Cənub Qaz Dəhlizi və onun gücləndirilməsindən istifadə edərək, Avropaya qaz təchizatının coğrafiyasını genişləndirir.
Prezident deyib ki, hazırda Azərbaycan qazı ümumilikdə 12 ölkəya ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür.
“Demək, bir tərəfdən Avropa bizdən əlavə təchizat xahiş edir, digər tərəfdən vəsaitlərdən məhrum edir. Məsələn, Avropa Sərmayə Bankı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsini tamamilə dayandırıb”, o qeyd edib.
Əliyev deyib ki, əgər Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyirsə, onda onlar da "öz ev tapşırığını" yerinə yetirməlidirlər.
Dövlət başçısı müsahibəsində Avropa İttifaqının Mərkəzi Asiya regionu ilə bağlı maraqlarına da toxunub.
“Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz”, o qeyd edib.
Prezident Əliyev bildirib ki, Azərbaycanın Avropa Komissiyası ilə münasibətlərinin necə inkişaf edəcəyini söyləmək çətindir.
“Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu”, Əliyev Avropa İttifaqının Ermənstan-Azərbaycan sərhədində olan müşahidə missiyasına diqqət çəkib.
Prezident deyib ki, hər hansı Avropa ölkəsinə qarşı heç vaxt pis bir şey etməmiş Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır.
“Yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək”, o qeyd edib.