Zeynəb Xanlarova:” ANS Azərbaycanın milli sərvətidir”-Vətənpərvər bir kanala ilişmək nəyə lazımdır?
9-10-2016, 01:32
“ANS kişi kanalıdır. ANS millətin kanalıdır, mən insanlar görmüşəm ki, başqa kanalları söndürüb, ANS-ə keçirirlər. Başa düşmürəm, sataşmağa yer tapmadılar? Azərbaycanda ən çox baxılan verilişləri bağlayırlar. Mən ANS-in tarixinə dərindən bələdəm”. Gununsesi.info bildirir ki, bunu “azxeber.com”a SSRİ və Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.
Xalq artisti dövlət məmurunun pornoqrafiya sözünü dilə gətirməməli olduğunu qeyd edib:
“ANS-in tarixi müstəqil Azərbaycanın tarixidir! Bu tarixin əsas qayəsində müstəqillik uğrunda tökülən qanlar dayanır. Şəhidlərimizin torpaq uğrunda apardığı haqq mübarizəsi dayanır. Mən Azərbaycanın qeyrətli oğlu Çingiz Mustafayevi xatırlayıram. Məgər bu tarixi yaradan bir kanalın üzərindən xətt çəkmək, ucuz və əxlaqsız sözlər demək olar? Necə yəni pornoqrafiya? Ən birincisi dövlət məmuru pornoqrafiya sözünü dilə gətirməməlidir. Bu sözü ANS-ə yaraşdırmaq olmaz. Pornoqrafiya biədəb sözdür. Adam onu dilinə gətirməyə belə utanır”.
Millət vəkili ANS-i dəstəklədiyini vurğulayıb:
ANS-in siması xalqın simasıdır, xalqın birliyidir. Haqq səsidir. ANS-in uğurları Azərbaycanın uğurlarıdır. İnsanlar ANS-ə ümid yeri kimi üz tuturlar. İndi gəlin görək bu cür sözün əsl mənasında xalqsevər və vətənpərvər bir kanala ilişmək nəyə lazımdır? Və bu kimlərə sərfəlidir? Milli Teleradio Şurası “Salam Azərbaycan” səhər informasiya kanalını da bağlayıb. Səbəb də bunu gətirir ki, insanların guya şərəf və ləyaqətinə toxunublar. Bir foto ilə məgər şərəf və ləyaqət təhqir olunur?
Belə çıxır ki, bu minvalla polis də, həkim də, müəllim də öz şəklini görüb şərəf və ləyaqətinin təhqir olunduğunu söyləməlidir. Məntiqsiz düşüncədir. ANS həmişə səhvləri ona görə tənqid edir ki, insanlar o səhvləri etməsinlər və o səhvlərdən başqaları əziyyət çəkməsin. Hər bir verilişdə müsbət və mənfi tərəflər var. Axı sizin kanaldakı verilişlərdə doğrudan da müsbət tərəflər mənfi tərəfləri üstələyir.
Mən həmişə ANS-in tərəfindəyəm, həmişə onu dəstəkləyirəm. Çünki ANS sözü bütöv, namuslu və haqqın kanalıdır. Bu kanal haqqında söz deyənlərin nəsə deməyə ilk növbədə haqqı olmalıdır. ANS Azərbaycanın milli sərvətidir və onu qorumaq hər bir azərbaycanlının, o cümlədən Milli Televiziya və Radio Şurasının borcudur. Əgər Şura öz borcunu dərk eləmirsə, onda ziyalılar bu işdə ona yardımçı olmalıdır”.