TRAMPI SİYASƏTDƏN SİLƏN VİDEO: arvadı da üz döndərdi, partiyası da…
9-10-2016, 13:28
ABŞ-da prezident seçkilərinə bir ay qalmış respublikaçı namizəd Donald Trampın kampaniyasını darmadağın edən və onun siyasətçi kimi karyerasını bitirməyə səbəb ola biləcək kompromat yayılıb. Virtualaz.org xəbər verir ki, “The Washington Post” qəzeti Trampın 2005-ci ildə qadınlar haqda işlətdiyi vulqar, seksist ifadələrin yer aldığı, respublikaçı namizədin səs yazısı ilə müşaiyət olunan videonu yayımlayıb. Həmin səs yazısında Tramp evli qadını “fahişə kimi” yatağa çəkmək istədiyindən və gözəl qadınları ələ keçirməyin onun üçün problem olmadığından danışır.
Kadrlara əsasən biznesmenin həmsöhbəti radio-teleaparıcı Billi Buşdur. Onlar Trampın epizodlarından birində özü özünü oynadığı “Həyatımızın günləri” teleserialının çəkiliş meydançasına gedirlər. Audioyazı çəkiliş meydançasına yaxınlaşan avtobusun kadrları fonunda verilir. Yol boyu Tramp jurnalistə qadınları seksual mənada necə qısnamağın yolları haqda danışır. “Mən onu…istədim. O, evli idi. Onu fahişə kimi ələ almaq istədim, ancaq baş tutmadı”-Tramp qəhqəhə ilə danışır. Biznesmenin hansı qadından bəhs etdiyi məlum olmur. Bununla belə “The Daily Beast” bildirir ki, Tramp teleaparıcı Nensi O Deyli nəzərdə tuturu. Maqnat aparıcını ələ keçirə bilməyəndə onu “Miss USA” gözəllik yarışından kənarlaşdırmağa çalışmışdı.
Çəkiliş meydançasında Trampı aktirsa Arian Zeker qarşılayır. Tramp isə hələ avtobusdan düşməmiş onu görür və Billi Buşa aktrisanın necə yaraşıqlı, seksual olduğunu deyir. Tramp gözəl qadınların ona niyə etiraz etmədiyini izah edir: “Mən sadəcə olaraq onları öpməyə başlayıram. Və sən ulduz olanda onlar bunu etməyə icazə verirlər, icazə verirlər ki, mən onların …(qadınların intim yerini nəzərdə tutur) yapışım”.
Daha sonra avtobusdan düşən Tramp aktrisa Araian Zekerə sataşır. Bildirir ki, o, çox gözəldir. “Əgər mən səni opməli olsam bu hala qarşı cibimdə nanəli konfet də var”-Tramp qadına deyir.
Qəzet yazır ki, Trampın qadınlar haqda bu ifadələri onun fotomodel Melaniya Trampa evlənməsindən cəmi 3 ay sonraya təsadüf edirdi. Kadrların yayılması fırtına effekti yaradıb və Donald Trampdan Respublikaçılar partiyasının aparıcı simaları, hətta onun arvadı da üz döndərib. Respublikaçılar partiyasının Milli komitəsinin rəhbəri Rayns Pribas, Konqresin Nümayəndələr palatasının spikeri Pol Rayan, senator Con Makkeyn, Trampın praymeriz kampaniyasındakı rəqibləri Ted Kruz və Marko Rubio, keçmiş dövlət katibi Kondaliza Rays və digər xadimlər onun sözlərini pisləyiblər.
Respublikaçıların Milli komitəsinin rəhbəri Reyns Pribas deyib ki, heç bir qadını heç bir vaxt bu cür manerada, bu cür ifadələrlə təsvir etmək olmaz. “Heç vaxt”-Pribas vurğulayıb. Spiker Pol Rayan isə deyib ki, Trampın replikalarından ürəyi bulanır. Eks-prezident Corc Buşun qardaşı Ceb Buş isə Trampın sözlərinin qəbuledilməz və hiddətə layiq olduğunu bildirib. “Bu sözlər bizim arvadlarımızı, qızlarımızı alçaldır”-Buş əlavə edib.
Prezidentliyə demokrat namizəd Hillari Klinton da Trampın sözlərini “iyrənc” adlandırıb və onun qadınlara qarşı hansı fikirdə olduğunun bir daha üzə çıxdığını deyib.
Trampın arvadı Melaniya Tramp da bəyanat yayaraq ərinin işlətdiyi sözlərin yayılmasından özünü təhqir olunmuş sayır. “Ərimin işlətdiyi sözlər qəbuledilməzdir və mənim üçün təhqirdir. Bu, mənim tanıdığım adam üçün xarakterik deyil. Onun lider ağlı və ürəyi var. Ümid edirəm ki, insanlar Trampın üzrxahlığını qəbul edəcəklər”-Melaniya Tramp bildirib.
Tramp özü isə ildırım sürəti ilə üzrxahlıq videosu yayımlayıb və bildirib ki, həmin ifadələrinə görə qadınlardan üzr istəyir. Tramp həmin söhbətin “kişiyana söhbət əsnasında” işlədildiyini, onların indi yayılmasının demokratların işi olduğunu və 10 ildən artıq bir müddət keçdiyi bir vaxtda qadınlarla bağlı fikirlərinin dəyişdiyini bildirib. Trampın sözlərinə görə, onun 11 il əvvəl işlətdiyi sözlərin yayılması diqqəti Amerikanın indiki problemlərindən yayındırmaq cəhdidir. “Bəli, mən bir neçə axmaq söz işlətmişəm, ancaq söz başqa, hərəkət başqa”-o deyib.
Trampın bu qalmaqallı sözləri səsverməyə cəmi bir ay qalmış yayılıb və onun onsuz da aşağı olan reytinqinə ciddi zərbə vurması qaçılmazdır. “Politico” nəşrinin yazdığına görə Respublikaçılar partiyasının rəhbərliyi bu gün toplaşaraq Trampı seçkilərdən kənarlaşdırmağın yollarını müzakirə edəcəklər. Lakin seçkilərə bir ay qalmış bu, olduqca çətindir. Çünki bülletenlərin çapı artıq başlayıb, bəzi ucqar məntəqələrdə isə səsverməyə start verilib. Respublikaçılar partiyasının hüquqşünasları hesab edirlər ki, Tramp özü namizədliyini geri götürməlidir, ya da ölməlidir ki, onu kimsə əvəz edə bilsin. Tramp isə seçkilərdən çəkilmək fikrində olmadığını deyib. Qalmaqallı video həm də Trampla Klinton arasında ikinci teledebat ərəfəsində yayılıb və indi Hillari Klintonun bu debatda rəqibinə qarşı hücumu gücləndirəcəyi təxmin edilir. Trampın məğlubiyyəti isə belə görünür ki, qaçılmazdır…