İcra hakimiyyətləri fəhlələri necə aldadır? – QANUNSUZLUQ
9-10-2016, 14:04
Xəbər verdiyimiz kimi, sentyabrın 28-də, Sumqayıtda yağışda 5-ci mərtəbədən yıxılmış iki fəhlədən biri xəstəxanada keçinib, digər isə reanimasiyada yatır. Cumhuriyyet.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (beşmərtəbəli binadan) yıxılıblar. İ.Musayev hadisə yerindəcə dünyasını dəyişib. Araşdırma aparılır.
Rəsmi məlumatdan əlavə olayla bağlı heç bir xəbər verilmir. Fəhlələrin hansı şirkət tərəfindən və hansı işə cəlb olunduğu haqda da məlumat yoxdur. Xatırladaq ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı ölkə rəhbərinin əlavə tədbirlər haqqında sərəncamı olmuşdu. Və bununla bağlı büdcədən xeyli miqdarda vəsait ayrılmışdı. Cumhuriyyet.az mediada yer alan iddiaları xatırladaraq bildirir ki, bu işlərin görülməsi üçün məsul şəxs Sumqayıt şəhər icra hakimiyyətinin işçiləridir. Hətta bununla bağlı yayılan və rəsmən təkzib olunmayan məlimatlarda şəhər icra hakimiyyətinin məsul şəxslərinin işindən narazı olduğu, bu işlərə müəmmalı şirkətlərin cəlb olunmasına etiraz etdiyi bildirilirdi. İndiki halda da fəhlələrin dam işlərini görməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasında müavinin məsuliyyəti olmamış deyil. Bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev cumhuriyyet.az-a söyləyib ki, indiki halda bədbəxt hadisələr ən çox tikinti sektorunda baş verir. Bunu həm əvvəlki illərdə olan statistika, həm də indiki statistika göstərir: “Çünki tikinti sektoruna çox zaman qeyri-peşəkar insanlar gəlir. Hər şeyi tikinti şirkəti təsis edir. Lakin bu zaman proseslər heç də peşəkar səviyyədə baş vermir. Nə iş icraçısı, nə mühəndis işi peşəkarcasına bilir. Bu işdə birinci növbədə sahibkarların günahı var. Əksəriyyətində təhlükəsizlik qaydaları ilə bağlı müasir avadanlıqlar ümumiyyətlə yoxdur. Bakı şəhərində hardasa böyük tikintilərdə müəyyən dərəcədə bunlara təsadüf edilir. O da diqqət qarşısında olduğu üçündür. Amma rayonlarda ümumiyyətlə, yoxdur. Üçüncü tərəfdən, məsələ ondan ibarətdir ki, bu gün yerlərdə tikinti obyektlərinə fəhlə işləmək üçün üz tutanların sayı az deyil. Əksəriyyəti də ixtisassız insanlar olur. Onlar texniki təhlükəsizlik qaydaları haqda biliksiz olurlar. Eyni zamanda onları işə götürərkən də təhlükəsizlik qaydaları ilə bağlı kiçik təlimatlar həyata keçirilmir. Bəzən ümumiyyətlə, işəgötürən tərəfindən hər hansı müqavilə də imzalanmır. Aylarla əmək haqqının verilməməsi halları da yaşanır. Əgər əmək müqaviləsi imzalansa, işə götürənin məsuliyyət məsələsi üzə çıxar. Ona görə də, bütün bunlara səbəb olan amillər aradan qaldırılmalıdır. Eyni zamanda burda vətəndaş cəmiyyətinin potensialından da istifadə edilməlidir. İctimai nəzarət funksiyası da həyata keçirilməlidir. Ölkənin əsas iqtisadi göstəricilərindən olan tikintinin yüksək sürətlə artması bu məsələni zəruri edir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da problemi tikintiyə nəzarətin düzgün aparılmaması ilə izah edib. Təşkilat sədrinin qənaətincə, əksər yerlərdə heç işçilərlə əmək müqaviləsi də bağlanmır: “Bütün bu bədbəxt hadisələr tikinti yerlərində təhlükəsizlik qaydalarına əməl olunmamasından doğur. Görünür, Sumqayıtdakı hadisə də məhz bu səbəbdən baş verib. Yəni təhlükəsizlik qaydalarına əməl olunmayıb. Qaydalara əməl edilməsinə nəzarət edən dövlət orqanı isə həmin sahələrdə effektiv nəzarəti həyata keçirə bilmir. Ona görə ki, tikinti şirkətləri onları bir çox hallarda heç tikinti sahəsinə buraxmırlar. Əslində, araşdırsaq, görərik ki, əksər hallarda həmin yerlərdə heç işçilərlə əmək müqaviləsi də imzalanmır. Bu, o deməkdir ki, onların sığortası da yoxdur və bədbəxt hadisələrdən sığortalanmayıblar. Belə hallar bu gün həm Bakıda, həm də regionlarda özünü göstərir. Əgər bu gün şirkətlər nəzarətedici dövlət orqanlarını əraziyə buraxmırlarsa, onda müqavilə də bağlamayacaqlar, onu elektron formada da qeydiyyatdan keçirməyəcəklər. Tikinti sahələri üzərində nəzarət edən orqan səlahiyyətlərini doğru şəkildə həyata keçirməlidir. Bu orqan tikinti ərazilərinə getsə, yerlərə baxış imkanı olsa, görsə ki, tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur, onda ən azından şirkətə ya xəbərdarlıq edilər, ya cərimə yazılar, ya da ki, qüsurlar aradan qaldırılana qədər ərazidə tikinti dayandırılar. Bədbəxt hadisələr zamanı adətən sahibkarlar mərhumun ailəsinə başaldadıcı vəsait təklif edirlər. Sonra qalan aylarda heç bir ödəniş etmirlər. Əslində isə iş zamanı həyatını itirən şəxsin vərəsələri əmək qabiliyyəti olan yaşa çatana qədər hər ay müavinət almalıdırlar. Əgər işçinin sığortası yoxdursa, onun ailəsi də bu hüquqdan məhrum olur”.