Sərdar Cəlaloğlunun Nobel Komitəsində casusu var?

10-10-2016, 01:13           
Sərdar Cəlaloğlunun Nobel Komitəsində casusu var?
Etibar Əliyev

Sərdar Cəlaloğlu Nobel mükafatı ilə məzələnməkdə davam edir. Dünyanın ən nüfuzlu mükafatı haqqında ağlına gələni danışır. Başa düşülmür, Nobel mükafatı haradan düşüb bu bəyin yadına? O deyir:

“Azərbaycanda cəmi iki nəfərin nəzəriyyəsi Nobelin gizli səsverməsinə, yəni son mərhələyə qədər gedib. Onlardan biri 10 il əvvəl Azərbaycan Dövlət Universitetinin fiziologiya kafedrasının müdiri professor Nemət bəy idi, indi də mənəm. Azərbaycanda bu günə qədər heç kim gizli səsverməyə qədər gedib çatmayıb. Nobel gizli səsverməsi o deməkdir ki, ora 3-4 iş təqdim olunur və onun birinə səs verirlər. Mənim nəzəriyyəm kosmosun dərk edilməsi ilə bağlıdır. Mənim nəzəriyyəm kimi nəzəriyyələrə Nobel Komitəsinin əsasnaməsinə görə, 15-20 ildən sonra Nobel mükafatı verirlər. Mənim nəzəriyyəm əsasında Günəşin niyə partladığını, yerdə niyə zəlzələ olduğunu izah etmişəm və artıq alimlər bu proseslərdə eksperimentlər aparacaqlar. Elə ki, eksperimental təsdiq olundu, mən o işi alacam. Gələn il Nobelin əsasnaməsinə uyğun olaraq bu işi təkrar göndərəcəm və bu iş avtomatik olaraq 10 il Nobelin nominasiyasına daxil olacaq”.
İndi mükafat haqqında məlumatı olmayan adamlar Sərdar bəyə dahi kimi baxır və yəqin ki, ona edilən haqsızlığa görə təəssüf hissi keçirirlər.

Nobel mükafatlarının verilmə tarixində hələ indiyə qədər heç bir laureat namizədliyinin hansı qurum, yaxud şəxs tərəfindən verilməsi, səsvermədə alternativlərinin kimlərin olması barədə məlumatları əvvəlcədən bilməyib. Lakin sən demə Nobel mükafatı ilə aralarındakı məsafə burdan Günəşə qədər olan Sərdar Cəlaloğlu mükafatın verilməsinin bütün prosedurlarını bilirmiş. Deyir ki, mənim nəzəriyyəm kosmosun dərk edilməsi ilə bağlıdır. Məgər “Sərdar nəzəriyyəsinə” qədər kosmos dərk olunmayıb? Bu adam hələ də bilmir ki, kosmosun dərk olunmasında bəşəriyyət artıq kosmik neytrinonun kəşfindən sonrakı dövrü yaşayır.

2003-cu ildə Kosmik neytrinonun kəşfinə və “neytrino astronomiya”sını yaratdıqlarına görə Raymond Devis, Masatosi Kosiba və Rikardo Cakonni fizikadan Nobel mükafatına layiq görüldülər. Bu kəşfdən sonra alimlər yeni istiqamətdə tədqiqatların aparılması üçün nəhəng qurğular (SNO, Gallex və Super-Kamiokande) yaratdılar. 40 ildən çox neytrinonun izinə düşən Devis, nəhayət, 88 yaşında onu “tuta” bildi.

Böyük Şotlandiya fiziki Piter Hiqqs 1964-ci ildə çox mühüm bir hipotetik zərrəciyin mövcudluğunu söylədi. 48 ildən sonra Böyük Adron Kollayderi və Femilabın (Fermi adına Milli Sürətləndirici Laboratoriya) köməyi ilə Hiqqs bozonunun mövcudluğu təsdiqləndi. Buna görə Hiqqs 84 yaşında fizikadan Nobel mükafatına layiq görüldü.
Yuxarıda adları çəkilən alimlərin nəhəng fiziklər olmasına baxmayaraq, onlar dəyəri 100 milyon dollarlarla ölçülən texnologiyaların köməyi ilə son iki mühüm kəşfləri etdilər.

Sərdar bəy deyir ki, Nobel Komitəsinin Əsasnaməsinə görə, onun nəzəriyyəsi kimi nəzəriyyələrə 15-20 ildən sonra Nobel mükafatı verirlər. Binəva Hiqqsin və Devisin bəxtinə baxın! 30-40 il laboratoriyalarda can qoyublar, tədqiqat aparıblar, 80-dən sonra Nobelə layiq görülüblər. Partiya qərargahında kosmosu öyrənən Sərdar bəyə isə Nobel Komitəsinin Əsasnaməsinə görə, 15-20 ildən sonra Nobel mükafatı verəcəklər.

Elm sahələrində (fizika, kimya, iqtisadiyyat, fiziologiya və tibb) Nobel alanların demək olar ki, hamısı öz sahələrində arı kimi çalışaraq, uğurlara imza atıblar. Nobelə iddialı olan adamların heç biri birdən-birə sıçrayıb ortaya atılmayıblar. Belə şeylər dünyada son dərəcə qeyri-ciddi qarşılanır. Və buna gülürlər. Məsələn, həmyerlimiz, 14 yaşında Bakı Dövlət Universitetinin fizika-riyaziyyat və kimya fakültəsinə daxil olmuş, 38 yaşında SSRİ Elmlər Akademiyasına həqiqi üzv seçilmiş Lev Landau 54 yaşında Nobel mükafatına layiq görülüb.

Sərdar bəy deyir ki, nəzəriyyəm əsasında Günəşin niyə partladığını, yerdə niyə zəlzələ olduğunu izah etmişəm.
Burada Ezopun məşhur bir təmsili yadıma düşdü: “Elə bir uğuru olmayan qaçan və hoppanan bir adam var imiş. O, bir neçə başqa şəhərdə çıxış etdikdən sonra evinə qayıdır. Deyir ki, Rodosda elə hoppanıb ki, hamı dəhşətə gəlib. Yeni rekord vurub. Orada olanların hamısı bunu görüblər. Birdən yanındakılardan biri ona dedi: “Əzizim, sən düz deyirsənsə şahidləri çağırmaq nəyinə lazımdır? Elə bil ki, Rodos buradır. Elə burda hoppan, baxaq”.

İndi jurnalistin biri Sərdar bəyə sual vermir ki, ay qağa Bakıda nə vaxt zəlzələ gözlənilir? Günəşdə Bakı vaxtı ilə nə vaxt güclü partlayışlar baş verəcək? Teleskopsuz kainatı necə görürsən və s.

Sərdar bəy bundan öncə Nobel Komitəsindən mükafatı Nisbilik nəzəriyyəsindəki kəşfinə görə iddia edirdi. Lakin 2013-cü ilin prezident seçkilərində partiya həmkarı Hafiz Hacıyev ondan çox səs toplamaqla bunu alt-üst etdi. Böyük alim, fizika- riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahov bunun canlı şahididir. Bizim cəmiyyət belədir: Nobel mükafatına namizəd olana Hafiz Hacıyevdən az səs verirlər.

P.S. Sərdar bəyin Nobel mükafatlarının prosedur qaydalarını bilməsi adamı bir az şübhələndirir. Bəlkə orda ona işləyən, başqa sözlə məlumat ötürən adamlar var?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.