Azərbaycanda sürpriz vitse-prezidentin adı bəlli oldu

10-10-2016, 10:27           

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov Azərbaycanın vitse-prezidenti təyin edilə bilər. Bu barədə istiqlal.az-a mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, İ.Kərimov sosial-iqtisadi sektor üzrə vitse-prezident olacaq: "İnam Kərimovun ASAN xidmətdəki təcrübəsi və müsbət reputasiyası onun bu posta gözlənilən təyinatı üçün əsas olub. Yaxın gələcəkdə bütün nazirliklərin asan xidmət rejiminə keçirilməsi gözlənilir ki, bu işin də öhdəsindən yalnız İ.Kərimov gələ bilər".

Mənbənin məlumatına görə, sosial-iqtisadi sektor üzrə vitse-prezident postuna namizədlər prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun adı hallansa da, onun şansı yüksək qiymətləndirilmir: "Təbii ki, son qərar prezidentin olacaq. Ancaq ilkin dəyərləndirməyə görə, nəzərdə tutulan islahatlar paketinə İ.Kərimovun rəhbərlik etməsi daha faydalı olacaq. Birinci, N.Əmirov vergilər nazirinin birinci müavini olub və maraq qruplarından birini təmsil edib. Onun fəaliyyətində həmin və əks-qruplara qarşı ayrı-seçkilik riski böyükdür. İkinci də, ortada İ.Kərimovun 4 illik ASAN xidmətə qüsursuz rəhbərlik təcrübəsi var. Bütün hallarda son qərarı ölkə prezidenti qəbul edəcək. Böyük ehtimalla İ.Kərimov heç kimin gözləmədiyi halda vitse-prezident təyin ediləcək".

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakıda doğulub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Paris (Sorbonne) Universitetindən hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, fars və rus dillərini bilir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.